Azərbaycan müxtəlif aktorlar arasında körpü rolunu oynayır - ÖZƏL

"Azərbaycanın xarici siyasət strategiyası klassik geosiyasi bloklaşma modelindən fərqli olaraq balanslaşdırılmış əməkdaşlıq prinsipinə əsaslanır. Rəsmi Bakı eyni vaxtda müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər quraraq öz strateji manevr imkanlarını genişləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib: "Bu siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan nə Qərb-Rusiya qarşıdurmasında, nə də digər geosiyasi bloklaşmalarda tərəf kimi çıxış etmir. Əksinə, o, müxtəlif aktorlar arasında körpü rolunu oynayır. Qərb ilə enerji əməkdaşlığının dərinləşdirilməsi, Türkiyə ilə hərbi-siyasi müttəfiqliyin gücləndirilməsi, Mərkəzi Asiya ilə Türk dünyası çərçivəsində inteqrasiyanın inkişafı, eyni zamanda Rusiya və Çinlə iqtisadi münasibətlərin qorunması Azərbaycanın çoxşaxəli siyasətinin praktik təzahürüdür. Bu yanaşma Azərbaycanın geosiyasi risklərini minimuma endirir və onu beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi möhkəmləndirir. Nəticədə ölkə "təhlükəsiz əməkdaşlıq platforması" statusu qazanır".
İ.Yusifov əlavə edib ki, son dövrlərdə Hörmüz boğazı ətrafında yaranan gərginlik və ABŞ-ın bölgədə hərbi aktivliyinin artması qlobal enerji və logistika sistemində ciddi dəyişikliklərə səbəb olub:  "Dünyanın neft və qaz daşımalarının əhəmiyyətli hissəsinin keçdiyi bu strateji nöqtədə risklərin artması beynəlxalq ticarət üçün yeni təhlükələr yaradır. Bu böhran göstərdi ki, yalnız dəniz yollarına əsaslanan qlobal logistika sistemi kifayət qədər dayanıqlı deyil. Qırmızı dəniz, Süveyş kanalı və digər kritik marşrutlarda paralel risklərin artması alternativ quru dəhlizlərinin əhəmiyyətini kəskin şəkildə yüksəldir. Məhz bu mərhələdə Azərbaycan və ümumilikdə Xəzər hövzəsi yeni geoiqtisadi arxitekturanın mərkəzi elementlərindən birinə çevrilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31