Bakı və Moskva arasında yumşaq konsensus: Gərginlik mərhələsi arxada qalır? – ÖZƏL
16:05 Siyasət"Azərbaycan və Rusiya xarici işlər nazirlərinin yaydığı birgə bəyanatın mətnindən də görünür ki, tərəflər daha çox konsensusun qorunmasına, gərginliyin bundan sonra daha da kəskinləşməməsinə üstünlük verir və hadisələrə münasibəti daha yumşaq formada ifadə etməyə çalışırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bəyanatda qeyd olunduğu kimi, Azərbaycan Dövlət Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması hadisəsi Rusiya hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş vermiş qəza kimi xarakterizə olunur. Eyni zamanda bəyanat mətnində diqqət çəkən digər mühüm məqam ondan ibarətdir ki, tərəflər strateji əməkdaşlıq münasibətlərini qorumaq, etimadı möhkəmləndirmək və qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək məqsədilə gələcək fəaliyyətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildirirlər. Bu ifadələr onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin təşəbbüskarlığı sayəsində Rusiyanın bir ildən artıq müddətdə davam edən qeyri-konstruktiv və qərəzli yanaşması nəticəsində zədələnmiş Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində yenidən etimadın formalaşdırılması və normallaşma istiqamətində müəyyən addımlar atılır. Təbii ki, Azərbaycan tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı tələbləri yalnız maddi kompensasiya ilə məhdudlaşmırdı. Buraya həm təyyarəyə görə AZAL dövlət şirkətinə, həm də həlak olan və yaralanan şəxslərə kompensasiyanın verilməsi ilə yanaşı, bu hadisəni törədən şəxslərin layiqli şəkildə cəzalandırılması da daxildir. Ola bilər ki, bu məsələlər müəyyən mənada kompromis predmetinə çevrilsin. Lakin nəzərə almaq lazımdır ki, bu hadisələr fonunda Rusiya ərazisində yaşayan soydaşlarımıza qarşı da xoşagəlməz hərəkətlərə yol verilib. Azərbaycanlıların evlərinə, ailə üzvlərinin gözü qarşısında, sanki təhlükəli cinayətkar zərərsizləşdirilirmiş kimi basqınlar edilməsi və onların nəzarət altına alınması ciddi narahatlıq doğurur. Eyni zamanda, azərbaycanlı diaspor fəallarının qondarma ittihamlarla uzunmüddətli həbslərə məruz qalması və bu istiqamətdə Rusiya Federasiyası məhkəmələri tərəfindən qərarların qəbul edilməsi dolayısı ilə Azərbaycan dövlətinə qarşı təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Ekspert qeyd edib ki, əgər Azərbaycan-Rusiya münasibətləri yenidən normallaşma mərhələsinə qədəm qoyursa, bu halda Rusiyada yaşayan soydaşlarımıza qarşı bu kimi hallara da son verilməsi zəruridir. Bununla yanaşı, iki ölkə arasında dövlətlərarası münasibətlərdə, xüsusilə Rusiya tərəfindən son dövrlərdə tətbiq olunan müxtəlif embargoların və süni təzyiq vasitələrinin də aradan qaldırılması gözlənilir. Bütün bunlar yaxın gələcəkdə Rusiya tərəfinin atacağı addımlarla aydın olacaq: Rusiya Azərbaycanla münasibətlərin normallaşmasında nə dərəcədə səmimidir, yoxsa növbəti dəfə Azərbaycana qarşı daha sərt və aqressiv siyasətini davam etdirəcək.
Səidə Ramazanova