“Qərbi Azərbaycan İcması 7 iyunda paralel parlament seçkisi keçirsə...”
15:50 Siyasət"Parisdə hay diasporunun forumu adlandırılan tədbir, oradakı 150 nəfərin heç də hamısı o partiyanın təmsilçiləri olmasa da, bütövlükdə daşnak yığnağı idi və Fransanın paytaxtında baş tutsa da, əsas təşkilatçı rolunda Moskva çıxış edirdi".
Bunu Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev bildirib.
Milli Məclisin üzvü Rusiyadakı erməni diasporunun bu prosesdə iştirakı barədə bunları söyləyib:
"Qarabağdakı keçmiş "özünüburaxan"ların bir neçə təmsilçisinin həmin tədbirə getmələrinin maliyyəsini məhz Rusiyadakı iş adamı Ara Abramyanın verdiyi artıq bəllidir. Yeri gəlmişkən, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan özü də orada olub və çıxış edib. Mümkündür ki, tədbirə başqa ölkələrdən - belə ölkələrin sayı 25-dir - gələn daşnakların da səfər və qalmaq xərclərini o, ya da Rusiyaya bağlı başqa bir hay əsilli oliqarx ödəyib. Edilən çıxışlara diqqət yetirdikdə görünən budur ki, həmin tədbirin təşkilində məqsəd ilk növbədə 7 iyun seçkisində revanşistlərin qələbəsini, bu alınmasa, onların parlamentdə mümkün qədər çox yer qazanmalarını təmin etməkdir".

Sahib Alıyev vurğulayıb ki, yığnaqdakıların uydurma soyqırımı, "artsax" və kilsə mərsiyələri sadəcə o niyyəti pərdələmək məqsədi güdürdü:
"Əlbəttə, bu o demək deyil ki, hay diasporu elə ancaq seçkiyə görə həmin o üç məsələdən yapışır. İstənilən halda onlar sözügedən mövzuların ikisi ilə bağlı əbədi mərəkələr keçirəcəklər. Çünki həmin mövzularsız hay diasporundan faydalanmaq istəyənlər və onun yetərincə təsirli gücə çevrilməsində maraqlı olanlar tapılmayacaq. Bu isə həmin o diasporun başında duranlara, eləcə də xaricdəki bir çox hay milyarderlərinə əl vermir. Birincilərə ona görə ki, onların əsas qazanc yeri elə o diaspordur, ikincilər isə öz bizneslərini genişləndirmək üçün təşkilatlanmış təsir rıçaqlarını və fərd olaraq da yaşadıqları ölkələrin siyasi elitası üçün gərəkliliklərini itirmək istəmirlər. Eyni zamanda gündəliyində uydurma soyqırımı və "artsax" olmayan hay kilsəsi də bəlli dövlətlər üçün indiki qədər cəlbedici görünməyəcək. İmperialist çevrələrə sırf İsanın göstərdiyi yolla gedən yox, Baqrat Qalstanyan kimi yaxasından gilizlərdən düzəldilmiş xaç asanların yığışdığı konflikt və terror yuvası lazımdır.
Bütün hallarda hay diasporu adından aprelin 11-12-də Parisdə keçirilən tədbir məhz 7 iyun seçkisi ilə bağlı idi. Burada diaspor daxilindəki vəziyyət üzə çıxdı".
Deputatın sözlərinə görə, bəlli oldu ki, Ermənistanın özündəki kimi diaspor içərisində də qütbləşmə var:
"Diaspor təmsilçiləri, yəni daşnaklar, ramqavarlar və hnçaklar arasında fikir ayrılığı həmişə olub. Amma bu, heç vaxt belə qabarıq və daşnakların mövqelərinin xeyli zəiflədiyindən xəbər verən şəkildə üzə çıxmamışdı. Arxasında varlı iş adamlarının durduğu əksər hay fondlarının təmsilçilərinin o foruma qatılmamaları və onun əvvəllər olduğu kimi İrəvanda deyil, Parisdə keçirilməsi də bu baxımdan çox şey deyir. Düzdür, forumdakı çıxışlardan belə bir təsəvvür yaranır ki, diaspor artıq rəsmi İrəvana itaətsizlik edir, ona görə tədbir Parisdə keçirilib. Əslində isə itaətsizlik edən, diasporla, daha dəqiqi, onun quzğun qanadı ilə yollarını ayıran məhz indiki Ermənistan hakimiyyətidir. Əgər o forum yenə İrəvanda keçirilmiş olsaydı, onda orada odlu-alovlu çıxış edənlərin bir çoxu ora gələ bilməyəcəkdilər".
Deputat bunun səbəbini də izah edib:
"Çünki bəzi daşnak ünsürlərin Ermənistana girişinə qadağa qoyulub. Diasporun Ermənistan dövlətinə itaəti msələsinə qayıtsaq, bu, qarşılıqlı idi və o qarşılıqlı itaətin arxasında həm Ermənistanın, həm də diasporun bu regionda qarşıdurmanın qalmasında və idarəsində maraqlı olanlara birgə itaətləri dayanırdı. İndi bu paradiqma pozulub, Azərbaycan pozub əvvəlki oyun qaydalarını, ona görə də belə bir mənzərə üzə çıxır. Beləliklə, "Diasporun Milli Səfərbərliyi Konfransı" adlandırılan Paris yığnağının öz məqsədinə çatdığını demək çətindir. Amma burada bizi düşündürən və Ermənistan hakimiyyətinin də bilməli olduğu məqam var. O da daşnak İşxan Saqatelyanla birgə Qarabağda özünüburaxanların bir neçə təmsilçisinin orada peyda olmalarıdır. Biz yaxşı bilirik ki, rəsmi İrəvan istəsə, "özünüburaxan"ların "deputat"ların - aralarında guya "spiker" də vardı - ayaqlarını elə tədbirlərə getməkdən kəsə bilər. Amma bunu etmir. Niyə etmir? Bu davranışın iki ölkə arasında onsuz da rüşeym şəklində olan qarşılıqlı güvəni necə zədələdiyini onlar görmürlərmi? Maraqlıdır, əgər Qərbi Azərbaycan İcması da iyunun 7-də öz üzvləri arasında oradakı yurd yerlərimizə paralel deputat seçkisi keçirsə, buna Ermənistan hakimiyyəti necə yanaşacaq? Mənə elə gəlir ki, Ermənistan hakimiyyətini hazırda ən çox narahat etməli olan məsələ məhz sülh gündəliyinə xələl gətirən belə hallar olmalıdır".
Sahib Alıyev digər məsələyə də toxunub:
"Eyni zamanda onlar Rusiya vətəndaşı Samvel Karapetyanın məhkəməsindən cəmi bir gün qabaq Rusiya Dumasında "Müdafiə haqqında" və "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" federal qanunlara aprelin 14-də edilən dəyişikliklərdən sonra daha ciddi oturub fikirləşməlidirlər ki, Gümrüdəki baza onlar üçün təhlükəsizlik çətiridir, yoxsa təhlükə mənbəyidir? Medialarında "Rusiya vətəndaşlarının xaricdə müdafiəsi haqqında qanun" adlandırılan bu dəyişikliklərin Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsində baxılıb təsdiqlənməsi başqa mətləblərdən xəbər verir. Yəni dəyişikliklərin Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına qarşı bir "cavab mexanizmi" kimi hazırlandığı vurğulansa da, burada keçmiş SSRİ-nin tərkibində olmuş ölkələrə, ilk növbədə də Ermənistana müdaxilə üçün hüquqi əsasın yaradıldığı, daha dəqiq belə bir əsasın yaradıldığının təzyiq məqsədilə sərgiləndiyi gün kimi aydındır. Söhbət Ermənistandan gedirsə, müdaxiləyə ehtiyac da yoxdur. Müdaxilə etməli olanlar çoxdan oradadırlar".