Trampın İran blokadası “qumardır”

ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi yeni strategiya həm müharibənin gedişinə, həm də qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalında jurnalist Stiven Kollinsonun analitik məqaləsində qeyd olunur.

Məqalədə bildirilir ki, Tramp administrasiyası hərbi əməliyyatlardan qismən imtina edərək iqtisadi təzyiq yolunu seçib. ABŞ-ın İran limanları və gəmilərinə tətbiq etdiyi blokada Tehranın neft ixracını və əsas idxalını iflic etməyi hədəfləyir.

Plan ondan ibarətdir ki, İran iqtisadi cəhətdən o qədər ağır vəziyyətə düşsün ki, ABŞ-ın şərtlərini qəbul etmək məcburiyyətində qalsın.

Bu yanaşmaya görə, İran artıq sanksiyalar səbəbindən zəifləmiş iqtisadiyyat fonunda ərzaq çatışmazlığı, hiperinflyasiya və bank böhranı ilə üzləşə bilər.

Lakin Stiven Kollinson yazır ki, bu strategiya çox risklidir və ABŞ-ın Yaxın Şərqdə tez-tez etdiyi bir səhvə əsaslanır - yəni rəqiblərin Qərb məntiqinə uyğun davranacağını düşünmək.

Tarix göstərir ki, İraq, Əfqanıstan, Rusiya və Liviya kimi ölkələr bu cür təzyiqlərə gözlənilən şəkildə reaksiya verməyib.

Məqalədə vurğulanır ki, İran hakimiyyəti də daxili təzyiqlərə qarşı yüksək dözümlülük nümayiş etdirib və minlərlə insanın ölümünə səbəb olan repressiyalara baxmayaraq hakimiyyəti qoruyub saxlayıb.

Analizdə qeyd olunur ki, əsas sual vaxt məsələsidir: blokada İranı tezliklə geri addım atmağa məcbur edəcəkmi, yoxsa əksinə, qlobal iqtisadi zərəri daha da artıracaq?

Hörmüz boğazının qismən bağlanması artıq dünya neft və qaz təchizatına ciddi zərbə vurub. Əgər ABŞ-ın blokadası nəticə verməzsə, bu, həm iqtisadi, həm də siyasi baxımdan Tramp üçün "tələ"yə çevrilə bilər.

İran üçün seçimlər də risklidir. Məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın regiondakı müttəfiqlərinə hücumları bərpa edə bilər.

Digər variant isə Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə alternativ neft marşrutlarını bağlamasıdır ki, bu da qlobal iqtisadiyyata ağır zərbə vurar.

Məqalədə qeyd olunur ki, blokada yalnız İran üçün deyil, ABŞ üçün də təhlükəlidir. Çünki İran neftini alan ölkələr - xüsusilə Çin və Hindistan ilə ciddi diplomatik gərginlik yarana bilər.

Məsələn, ABŞ qüvvələrinin İran nefti daşıyan Çin gəmisini saxlaması böyük beynəlxalq böhrana səbəb ola bilər. Bu isə Trampın Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində əlavə risk yaradır.

Keçmiş NATO ali komandanı Ceyms Stavridis CNN-ə açıqlamasında bildirib ki, İran hərbi baxımdan ciddi zərbələr alsa da, iqtisadi baxımdan tam sıxışdırılmayıb və hələ də "oynayacaq kartları var".

Blokadanın İran iqtisadiyyatına təsiri ilə bağlı Foundation for Defense of Democracies mərkəzinin eksperti Miad Maleki hesab edir ki, bu plan qısa müddətdə İranın ticarətinin böyük hissəsini iflic edə bilər. Çünki ölkənin 109,7 milyard dollarlıq illik ticarətinin 90%-dən çoxu Hörmüz boğazından keçir.

Ağ Ev isə nikbin mövqedədir. Mətbuat katibi Karolin Leavitt bildirib ki, yeni razılaşma üçün perspektivlər mövcuddur.

Lakin Kollinson qeyd edir ki, ABŞ administrasiyası uzun müddətdir İranı "razılaşmaya hazır" kimi təqdim etsə də, real vəziyyət bunu təsdiqləmir.

Məqalədə vurğulanır ki, Trampın "razılaşma sənəti" yanaşması Ukrayna, Şimali Koreya və İran kimi mürəkkəb geosiyasi məsələlərdə effektli olmayıb.

Hazırda tərəflərin mövqeləri kəskin fərqlənir: Vaşinqton İranın nüvə proqramından, raket potensialından və Hizbullah və Həmas kimi qruplara dəstəyindən imtina etməsini tələb edir. İran isə müharibəyə görə kompensasiya istəyir və nüvə proqramından tam imtina etməyə hazır deyil.

Bütün bunların fonunda əsas sual açıq qalır: əgər blokada işləsə - bundan sonra nə baş verəcək?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31