Rusiya hərbi müdaxilələrə hüquqi don geyindirir - ÖZƏL

"Bu, olduqca təhlükəli bir presedentdir. Rusiya indiyə qədər də müxtəlif ölkələrə hərbi müdaxilə addımlarından istifadə edib. Ukrayna nümunəsi hələ də gündəmdədir, Gürcüstan nümunəsini isə 18 il əvvəl gördük. Mümkündür ki, bundan sonra da oxşar hallar baş versin."

Bu fikirləri Rusiya Dövlət Dumasının  prezident Vladimir Putinə xarici ölkələrə qoşun yeritmək üçün əlavə səlahiyyətlər verən qanun qəbul etməsi  ilə  bağlı  məsələyə  münasibət bildirən siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında deyib: "Fərq ondadır ki, indiyə qədər bu addımlar siyasi iradə əsasında atılırdısa, indi artıq həmin müdaxilələrə hüquqi don geyindirilməsi prosesi gedir. Bu isə Rusiyanın xarici siyasətdə tətbiq etdiyi addımların rəsmiləşdirilməsi və faktiki olaraq qanuniləşdirilməsi cəhdidir.

Digər tərəfdən, bu vəziyyət beynəlxalq münasibətlərdə daha geniş bir tendensiyanın tərkib hissəsi kimi də qiymətləndirilə bilər. ABŞ-ın sabiq prezidenti Donald Tramp dövründə də bəzi hallarda digər ölkələrin suverenliyi və ərazi bütövlüyünə zidd addımlar atılmış, beynəlxalq hüquq normalarına selektiv yanaşma nümayiş etdirilmişdi. Bu isə qlobal səviyyədə təhlükəli bir presedent formalaşdırdı və digər böyük dövlətlər üçün də oxşar addımlar atmağa zəmin yaratdı.

Bu məntiqlə, həm ABŞ-ın, həm də Rusiyanın bu cür addımları faktiki olaraq digər güc mərkəzlərinə - o cümlədən Çinə - də oxşar müdaxilələri əsaslandırmaq üçün presedent yarada bilər. Bu isə beynəlxalq münasibətlər sistemində daha gərgin, qeyri-sabit və təhlükəli bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Rusiyanın konkret bu qərarına gəldikdə isə, əsas risk ilk növbədə MDB məkanında müstəqil siyasət yürüdən ölkələr üçün aktualdır. Məlumdur ki, postsovet ölkələrinin əksəriyyətində rus icmaları yaşayır.

Məsələn, Azərbaycan kimi ölkələrdə rus icmasına qarşı nə dövlət, nə də cəmiyyət səviyyəsində hər hansı bir təhlükə yoxdur və bu səbəbdən belə bir müdaxilə ssenarisi hazırda real görünmür. Lakin Pribaltika ölkələri, eləcə də Mərkəzi Asiya dövlətləri - xüsusilə Qazaxıstan, Qırğızıstan və Özbəkistan üçün bu risk daha yüksək qiymətləndirilə bilər.

Burada məsələ yalnız Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə məhdudlaşmır. Eyni zamanda rus diasporunun vəziyyəti və iddia olunan "rusofobiya" halları da potensial müdaxilə üçün əsas kimi istifadə oluna bilər. İstənilən vaxt hər hansı ölkədə rus icmasına təzyiq göstərildiyi iddiası irəli sürülərək, bu, hərbi müdaxilə üçün bəhanəyə çevrilə bilər.

Nəticə etibarilə, bu qərar qonşu və postsovet ölkələrinin suverenliyi üçün birbaşa təhlükə yaradır. Açıq şəkildə demək lazımdır ki, Rusiya Dövlət Dumasının qəbul etdiyi bu qərar digər ölkələrin daxili işlərinə hərbi müdaxiləni hüquqi cəhətdən əsaslandırmaq cəhdindən başqa bir şey deyil."

 Xatırladaq ki, qanuna əsasən, Rusiya vətəndaşlarına xaricdə təhlükə yarandığı halda prezident ordudan istifadə edə biləcək. Bu isə potensial olaraq Rusiyanın qonşu ölkələrə hərbi müdaxilə imkanlarını genişləndirən hüquqi baza yaradır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31