Unudulan Borçalı: soydaşlarımızın sosial və təhsil qayğıları artır- ÖZƏL
11:52 SiyasətBu günlərdə Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda ağır yol qəzası baş verib. Gürcüstan-Ermənistan dəmir yolu xəttinin Marneulidən keçən hissəsində qatar qoyun sürüsünü vurub. Hadisə zamanı azərbaycanlı fermerin 40-a yaxın xırdabuynuzlu heyvanı tələf olub. Olayla bağlı 24 TV news televiziyasının yaydığı süjetdə maraqlı bir mqəam diqqəti çəkib. Azərbaycan dilində danışan TV-nin müxbiri özünü İsmail Abramişvili kimi təqdim edib. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunub. Siyasi təhlilçi Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib ki, azərbaycanlıların gürcü soyadı daşıması yaxşı hal deyil: "Azərbaycanda yaşayan gürcülər öz soyad sonluqlarından istifadə edirlər. Məsələn, Azərbaycanın əməkdar artisti Manana Caparidze, Konstitusiya Məhkənməsinin sabiq hakimi Rafael Qvaladze nümunəsi var. Rusiya və İran kimi dövlətlərdə assimilyasiya siyasəti həyata keçirilir, azərbaycanlılar rus və fars soyadı daşımağa məcbur edilir. Azərbaycanla Gürcüstan qonşu və dost dövlətdir. Türklər demiş "kadər arkadaşıdır". Uzun illər biz də işğaldan əziyyət çəkmişik. Gürcüstanın bir sıra əraziləri hələ də işğal altındadır. Azərbaycan 90-larda qonşu dövlətlərdə enerji asılılığında olan Gürcüstana dəfələrlə qardaş yardımı edib, əl tutub. Bunu sabiq prezident Mixeil Saakaşvili dəfələrlə etiraf edib. Hesab edirəm ki, bu cür hallar yayğınlaşmamalıdır. Ümid edirəm ki, bu, istisna haldır. Gürcü hökuməti azərbaycanlıların mövcud sosial-iqtisadi, təhsil problemlərini həll etməlidir. Çünki azərbaycanlılar daim Gürcüstan dövlətinə sadiq olmuşlar". E.Cəfərli deyib ki, buna qədər bir neçə dəfə azərbaycanlı fəallar məsələ qaldırıb, hətta soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirə edilib. "Lakin hələ də azərbaycanlılar rus soyad sonluqlarını daşıyırlar. Yaxşı olar ki, soydaşlarımızın lı, li, lu, lü, zadə, soy, gil kimi Azərbaycan, türk soyad sonluqlarına keçməsi sürətlənsin"-deyə, o, bildirib. Gürcüstanda azərbaycanlıların ana dilində təhsil probleminin də qaldığını vurğulayan təhlilçi hesab edir ki, bu məsələ də həllini tapmalıdır: "Gürcüstanda Borçalı türklərinin ana dilində keyfiyyətli təhsil almaq hüququ var. Bu hüquq illərdir müxtəlif bəhanələrlə məhdudlaşdırılır. Məlumata görə, müxtəlif univeristetlərdə Azərbaycan dili müəllimi hazırlayan fakültələr bağlanıb. Azərbaycandilli müəllimlər olmasa məktəblərdə tədrisi kim aparacaq? Bu prosesə gürcüdilli müəllimlər cəlb edilsə, o zaman orta məktəblərdə tədricən Azərbaycan dilində tədris aradan qalxacaq. Azərbaycandilli məktəbdə ciddi çatışmazlığının aradan qaldırılmasında Azərbaycan tərəfi də rol oynamalıdır. Yaxşı oalr ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblər gürcüstanlı soydaşlarımız üçün güzəştli təqaüd proqramları həyata keçirsin".
E.Cəfərli son zamanlar müxtəlif ölkələrə bağlı dini məzhəblərin Gürcüstanda yaşayan soydaşlarımız arasında iş apardığını da vurğulayıb.
"Bu məsələ də diqqətdən kənarda qalmamalıdır. Gürcüstan azərbaycanlıları üçün dini ədəbiyyat Bakıdan getməlidir. Tiflisdəki, Borçalıdakı məscidlərə başqa ölkələrə bağlı nüfuz agentləri buraxılmamalıdır. Milli düşüncəli azərbaycanlı din xadimlərinə dəstək verilməlidir"
İBRAHİM MƏMMƏDLİ