Qlobal parçalanma: ABŞ-İsrail-İran üçbucağında dünyanın yeni nizamı – ÖZƏL
17:18 Siyasət"ABŞ-İsrail-İran münaqişəsi dünyada ciddi parçalanma yaradıb. Dünyanın müəyyən hissəsi ABŞ-ni, digər hissəsi isə İranı dəstəkləyir. Lakin ümumi ictimai rəyə baxdıqda, bu münaqişədə İranın daha çox zərərçəkən tərəf kimi qəbul edildiyini görmək mümkündür".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa deyib. Ekspert bildirib ki, bir çoxları hesab edir ki, ABŞ-nin hərbi müdaxiləsi əsaslandırılmayıb və beynəlxalq hüquqa tam uyğun deyil. Hətta NATO üzvü olan bəzi Avropa ölkələri belə bu addımı açıq şəkildə dəstəkləmirlər. Müxtəlif arqumentlər səsləndirilsə də, əsas səbəblərdən biri odur ki, bu müdaxilə BMT çərçivəsində qəbul olunmuş hər hansı qərara əsaslanmır və müttəfiqlərlə tam koordinasiya edilmədən həyata keçirilib. Bəzi ölkələr hətta ABŞ-nin hərbi əməliyyatları üçün öz ərazilərində yerləşən bazalardan istifadə imkanını məhdudlaşdırıblar.
Ekspertin sözlərinə görə, region ölkələri də ümumilikdə bu məsələdə ABŞ-nin mövqeyini açıq şəkildə müdafiə etmirlər. Beynəlxalq münasibətlər sistemində formalaşan ümumi rəyə görə, ABŞ və İsrail İranı əsassız şəkildə hədəf alıblar. Burada əsas arqumentlər kimi İranın nüvə proqramı, raket potensialı və proksi qüvvələrlə bağlı məsələlər göstərilsə də, bir çox dairələr bu arqumentləri kifayət qədər əsaslı hesab etmir. ABŞ daxilində də bu məsələyə münasibət birmənalı deyil. Xüsusilə Demokratlar Partiyası daxilində bir sıra siyasi qüvvələr hesab edir ki, bu münaqişə ABŞ-nin milli maraqlarına uyğun deyil və daha çox İsrailin təhlükəsizlik gündəliyinə xidmət edir. Bu baxımdan, belə bir fikir formalaşıb ki, ABŞ bu addımı müəyyən mənada İsrailin təsiri ilə atıb.
"Azərbaycan isə ilk günlərdən neytral mövqe nümayiş etdirib və eyni zamanda İrana humanitar yardım göstərib. Bu addım həm Azərbaycanın əvvəlcədən verdiyi öhdəliklərə sadiqliyini göstərir, yəni üçüncü qüvvələrin Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına imkan verilməməsi prinsipini qoruyur, həm də İranda yaşayan milyonlarla soydaşımızın maraqlarını nəzərə alır. Bu kontekstdə qeyd etmək vacibdir ki, İran Azərbaycan üçün yad dövlət deyil. Orada milyonlarla azərbaycanlı yaşayır, ortaq dil, mədəniyyət və ənənələr mövcuddur. Bu səbəbdən Azərbaycanın mövqeyi həm humanitar, həm də strateji baxımdan məntiqli və balanslı hesab olunur. Eyni zamanda diqqət çəkən məqamlardan biri də odur ki, bu dəfə İran rəsmilərinin Azərbaycana qarşı ritorikası əvvəlki münaqişələrlə müqayisədə daha yumşaqdır. Açıq ittihamlar səsləndirilmir, əksinə, göstərilən humanitar dəstəyə görə təşəkkür ifadə olunur və bunun unudulmayacağı vurğulanır", - deyə Ə. Mustafa vurğulayıb.
Ekspert qeyd edib ki, region kontekstində isə Rusiya kimi dövlətlərin də İranı dəstəklədiyi müşahidə olunur. Bu baxımdan Azərbaycanın balanslı və müsbət yanaşması region ölkələri tərəfindən də müsbət qarşılanır və gələcəkdə diplomatik, siyasi və hətta hərbi əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Qlobal siyasi balans baxımından isə hazırda dünyada müəyyən bir bölünmə müşahidə olunur: bir tərəfdə İranı müdafiə edənlər, digər tərəfdə ABŞ-ni dəstəkləyənlər. Maraqlıdır ki, bəzi hallarda İranı dəstəkləyən və ya ən azı ABŞ-nin mövqeyinə qarşı çıxan dairələrin sayı daha geniş görünür. Bu isə qismən Donald Tramp administrasiyasının xarici siyasətinə olan münasibətlə də bağlıdır. Hətta ABŞ-nin bəzi müttəfiqləri belə bu siyasəti tam dəstəkləmir.
"Bu proses hələ yekunlaşmayıb. Hazırda yalnız atəşkəs mərhələsi müşahidə olunur və bundan sonra hadisələrin necə inkişaf edəcəyi - münaqişənin yenidən alovlanıb-alovlanmayacağı, yoxsa atəşkəsin davamlı sülhə çevriləcəyi - hələlik açıq qalır. Eyni zamanda Hörmüz boğazı ətrafında baş verənlər də bu proseslərə ciddi təsir göstərməkdə davam edir. Bu gün üçün demək olar ki, dünyanın əhəmiyyətli bir hissəsi İranı daha çox dəstəkləyir. Lakin ABŞ-nin qlobal təsir gücünü və nüfuzunu nəzərə alsaq, yekun nəticə barədə qəti fikir söyləmək üçün hələ tezdir. Bu balansın necə formalaşacağı yalnız proseslərin sonrakı inkişafından sonra aydın olacaq", - deyə siyasi ekspert əlavə edib.
Səidə Ramazanova