Müharibə bitəcək, yoxsa dərinləşəcək?- İran-ABŞ danışıqlarının pərdəarxası- ÖZƏL
17:00 Siyasətİran və ABŞ arasında İslamabadda keçirilən danışıqlar razılaşma əldə olunmadan başa çatıb. ABŞ vitse-prezidenti C.D. Vens nümayəndə heyətinin ölkəyə nəticəsiz qayıdacağını təsdiqləyib.
Tərəflər niyə razılaşa bilmir, razılaşma hansı şərtlər daxilində mümkün ola bilər və müharibənin bundan sonrakı taleyi necə inkişaf edəcək? Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Tərəflər ona görə razılaşa bilmirlər ki, hər iki tərəfin şərtləri arasında ciddi uçurum var. Yəni, müharibədən əvvəlki şərtlər nə idisə, atəşkəsdən sonra da tərəflər eyni şərtləri irəli sürürlər. Müharibədən əvvəl də ABŞ deyirdi ki, İran uranın zənginləşdirilməsindən imtina etməlidir, Hörmüz məsələsinə ümumiyyətlə qarışmamalıdır, boğaz hər halda açıq qalmalıdır. Eyni zamanda Çin və Rusiya ilə bağlı siyasətində müəyyən düzəlişlər etməsini istəyirdi. Bu gün də aşağı-yuxarı eyni şərtləri irəli sürür. İran da müharibədən əvvəl nə deyirdisə, indi də eyni mövqedədir. Bildirirdi ki, biz müstəqil dövlətik, heç bir basqı ilə xarici siyasət kursumuzu dəyişməyəcəyik, nüvə proqramından imtina etməyəcəyik. Burada təbii ki, söhbət nüvə silahından getmir. Əvvəl də iddia edirdilər, indi də iddia edirlər ki, biz nüvə silahı hazırlamırıq, nüvə proqramının inkişafı dinc məqsədlər üçündür. Sonra raket proqramından imtina etməyəcəklərini bildirirlər və s. Bax, bu uçurumlar qaldığı üçün tərəflər yenə də razılaşa bilmirlər. İranın ali dini lideri öldü, yeni lider seçildi. İranın yüksək posta yiyələnən əksər məmurları, generalları öldürüldü. Ancaq rejim devrilmədiyi üçün və həmin rejimin nümayəndələri boşalan yerləri digər adlarla, simalarla doldurduqları üçün, indi vəziyyət bir növ müharibədən əvvəlki mərhələyə qayıdır. Çünki nə İran, nə də ABŞ və İsrail blokunun tam məğlub olduğunu demək mümkündür.
Ona görə də razılaşmanın mümkünsüzləşməsinin əsas səbəbi mövqelərin bu qədər zidd təşkil etməsidir. Bu vəziyyətdə əsas çıxış yolu tərəflərdən birinin məğlubiyyətidir. Yəni ya İran, ya da ABŞ-İsrail bloku məğlub olduğunu görüb geri çəkilərsə və bütün iddialarından tam olmasa da qismən imtina edərsə, güzəştlərə razılaşarsa, o zaman bu məğlubiyyət qorxusu və ya yaşanan məğlubiyyət müharibəni də sonlandıra, danışıqlar üçün şərait yarada bilər. Əgər bu baş verməzsə, ikinci variant kimi vasitəçilərin rolu ön plana çıxa bilər. Amma bu, nisbətən zəif ehtimaldır. Məsələn, Pakistandakı danışıqlar dünya siyasəti üçün gözlənilməz idi və bunu Misir-Türkiyə-Pakistan görüşündən sonra Pakistanın əldə etdiyi uğur kimi qiymətləndirmək olar. Bu üç tərəf, xüsusilə də Pakistanın təşəbbüsü ilə İran və ABŞ rəsmilərini masa arxasında otuzdura bildilər. İki həftəlik atəşkəs razılaşması əldə olundu. Təbii ki, bu atəşkəs davamlı olmadığı üçün hələ yekun nəticə əldə olunmayıb. Amma istənilən halda Pakistan vasitəçi kimi sübut etdi ki, tərəfləri masaya gətirmək mümkündür, onları atəşkəsə razı salmaq mümkündür. Sadəcə bunun üçün müəyyən vaxt və uyğun şərtlərin formalaşması lazımdır. Ona görə də vasitəçilik hələ də zəif ehtimal olsa da, aktual variantlardan biri kimi qalır. Müharibənin bundan sonrakı taleyi isə tərəflərin bu iki həftə ərzində danışıqlarda əldə edəcəkləri nəticələrdən asılıdır. Əgər tərəflər tam olmasa da müəyyən məsələlərdə qarşılıqlı güzəştlərə gedərlərsə, mümkündür ki, əməliyyatlar davam etsə də dağıdıcı xarakter almasın. Yəni artıq ABŞ-ın İran liderlərini və kritik infrastrukturu hədəfə alması, eyni zamanda İranın ABŞ və onun müttəfiqlərinin regiondakı əsas obyektlərinə zərbə endirməsi kimi hallarla qarşılaşmayaq. Bu baş verərsə, zamanla tərəflər arasındakı gərginlik və aqressiya azalacaq, münaqişə "soyuyacaq" və diplomatiya daha ön plana çıxacaq.
Əgər tərəflər bu müddət ərzində heç bir nəticə əldə etməzsə, onda növbəti döyüşlərin başlaması, yeni zərbələrin endirilməsi gözləniləndir. Bu isə daha kəskin və əvvəlkindən də ciddi bir mərhələyə keçid demək olacaq".
Zeynəb Mustafazadə