Bakı ilə Qərb arasında yeni ixtilaf: Separatçıya mükafat cəhdi – ÖZƏL

"Ruben Vardanyanın 2026-cı il üzrə Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi hələ onun həmin mükafatı alacağı anlamına gəlmir. Bu məsələyə iki fərqli prizmadan yanaşmaq mümkündür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib: "Bir tərəfdən, Azərbaycan qanunvericiliyinə və rəsmi Bakının mövqeyinə görə, Vardanyan Qarabağ separatizminə və terror fəaliyyətlərinə dəstək verməkdə ittiham olunan şəxs kimi təqdim edilir. Bu səbəbdən onun mühakimə olunması Azərbaycan tərəfindən hüquqi proses kimi qiymətləndirilir. Belə bir şəxsin insan hüquqları sahəsində nüfuzlu mükafata namizəd göstərilməsi Azərbaycanda normal qarşılanmır. Rəsmi Bakı bunu həm Azərbaycan qanunlarına, həm də ölkənin suveren hüquqlarına qarşı yönəlmiş yanaşma kimi dəyərləndirə bilər. Digər tərəfdən, Qərbdə Vardanyan fərqli şəkildə təqdim olunur. Onu daha çox humanitar fəaliyyətlə məşğul olan, insanlara yardım göstərən və insan hüquqlarını müdafiə edən şəxs kimi xarakterizə edirlər. Məhz bu yanaşma onun müxtəlif beynəlxalq mükafatlara namizəd göstərilməsinin əsas səbəblərindən biri kimi göstərilir. Azərbaycan cəmiyyətində və siyasi dairələrində isə bu cür yanaşmalar çox vaxt ikili standartların təzahürü kimi qiymətləndirilir. Bu mövqeyə görə, Qarabağ münaqişəsi dövründə baş verən hadisələrə Qərbin yanaşması ilə Vardanyan məsələsinə yanaşması arasında fərqlər mövcuddur. Buna görə də onun beynəlxalq platformalarda müdafiə olunması və ya mükafatlara namizəd göstərilməsi Azərbaycanda birmənalı qarşılanmır".

Ekspert bildirib ki, Qərb Vardanyanı hüquqları pozulmuş və humanitar fəaliyyət göstərmiş bir şəxs kimi təqdim etməyə çalışdığı halda, Azərbaycan onu terrora və separatizmə dəstək vermiş şəxs kimi qiymətləndirir. Bu səbəbdən onun ətrafında formalaşan beynəlxalq kampaniyalar və mükafat təşəbbüsləri Azərbaycanda qəbulolunmaz hesab edilir. Eyni zamanda, bu məsələdə erməni diasporu və lobbi qruplarının fəaliyyəti ilə bağlı fikirlər də səsləndirilir. Bu yanaşmaya görə, həmin dairələr Vardanyanı həm insan hüquqları müdafiəçisi, həm də hüquqları pozulmuş şəxs kimi təqdim etməyə çalışırlar. Azərbaycan tərəfi isə bu cəhdləri qəbul etmir və məsələyə tamamilə fərqli prizmadan yanaşır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31