Avropa niyə Vaşinqtonun hərbi planlarını dəstəkləmir? – ÖZƏL
15:46 Siyasət"ABŞ-nin İranla mümkün qarşıdurmasına Avropa ilk gündən etibarən dəstək vermirdi. Avropa ölkələri buna qarşı çıxır və bunun düzgün olmadığını müxtəlif liderlər vasitəsilə açıq şəkildə ifadə edirdilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün İranla bağlı vəziyyətdə ABŞ-nin özü də yaxşı anlayır ki, bu prosesdən ciddi bir qazanc əldə etməyib, əksinə itkilərlə üzləşib. Belə ki, büdcədən 20 milyard dollardan artıq vəsait xərclənsə də, hələlik heç bir real nəticə əldə olunmayıb və mövcud şəraitdə bunun baş verməsi də çətin görünür. Əksinə, vəziyyət getdikcə daha da kritikləşir və mürəkkəbləşir. İqtisadi baxımdan qiymətlər artıb və xüsusilə Hörmüz boğazının açıq olmaması, onun İranın nəzarətində qalması dünya iqtisadiyyatına, logistika və yükdaşımaya ciddi təsir göstərir. Digər tərəfdən, Avropa Birliyi ölkələrinin əksəriyyəti bu münaqişəyə mənfi yanaşırdı və bu səbəbdən də nə ABŞ-ni, nə də İsraili dəstəkləmədilər. Bu mövqe müəyyən mənada məntiqli hesab olunur. Onsuz da Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən Avropa Birliyi ilə NATO çərçivəsində münasibətlərə dair narazılıqlarını açıq şəkildə bildirirdi. Xüsusilə ABŞ-nin NATO çərçivəsində daha çox maliyyə yükü daşıması, Avropa ölkələrinin isə təhlükəsizlik baxımından Amerikadan asılı olması məsələsi Tramp tərəfindən tez-tez qabardılırdı. O, bu mövzuda iqtisadi təzyiq elementlərindən istifadə edir, Avropa ölkələrindən daha çox maliyyə öhdəliyi tələb edirdi. Bu yanaşma artıq uzun müddətdir müşahidə olunur. Bu fonda Avropa Birliyi də müəyyən dərəcədə mövqeyini dəyişməyə başlayıb. Ənənəvi olaraq ABŞ bazarına yönəlmiş iqtisadi əlaqələr fonunda Avropa indi Asiya, xüsusilə Çin və digər ölkələrlə daha aktiv iqtisadi əməkdaşlıq qurmağa, yeni müqavilələr bağlamağa başlayıb. Məqsəd həm bazarları şaxələndirmək, həm də iqtisadi təsir dairəsini genişləndirməkdir. Bu isə o deməkdir ki, Avropa tədricən ABŞ-dən asılılığını azaltmağa çalışır - həm iqtisadi, həm də siyasi baxımdan. Siyasi müstəvidə tərəflər arasında müəyyən gərginlik və ziddiyyətlər artıq açıq şəkildə hiss olunur. Avropa ölkələri ABŞ-nin təzyiq və təsir mexanizmlərini əvvəlki kimi qəbul etmək istəmir.
Ekspertin sözlərinə görə, ABŞ bu vəziyyətdə əsasən iqtisadi rıçaqlardan istifadə edə bilər. Məsələn, müəyyən sanksiyaların tətbiqi, bazarlara çıxışın məhdudlaşdırılması və ya ticarət münasibətlərində məhdudiyyətlər qoyulması kimi addımlar gündəmə gələ bilər. Siyasi baxımdan isə Avropa artıq ABŞ ilə daha bərabər mövqedə çıxış etməyə çalışır. Digər tərəfdən, NATO daxilində də yeni dinamika formalaşır. ABŞ Avropa ölkələrindən hərbi xərcləri artırmağı tələb edir və bu istiqamətdə təzyiq göstərir. Bu isə Avropa ölkələrinin öz hərbi potensiallarına daha çox investisiya yatırmasına səbəb olur. Bununla belə, ABŞ-nin NATO-dan çıxması hazırkı mərhələdə real görünmür. Bu, daha çox siyasi təzyiq aləti kimi istifadə olunur. Donald Trampın siyasəti ümumilikdə daha çox müxtəlif istiqamətlərdə paralel addımlar atmaq, fərqli variantları yoxlamaq və nəticəyə görə qərar vermək üzərində qurulub.
"İran-İsrail-ABŞ qarşıdurması kontekstində isə hazırda ən çətin vəziyyətdə olan tərəfin İran olduğu qeyd olunur. Ölkə həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan ciddi təzyiqlərlə üzləşir. Eyni zamanda ABŞ-yə və onun siyasətinə olan inam da həm daxildə, həm də beynəlxalq müstəvidə zəifləyib. Donald Trampın əvvəl təqdim etdiyi "sülhsevər lider" imici artıq əvvəlki kimi qəbul edilmir və o, daha çox münaqişələr yaradan lider kimi dəyərləndirilir. Bu isə ABŞ-yə olan ümumi etimadın azalmasına gətirib çıxarır", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova