Geosiyasi təlatümlər fonunda güclənən tərəfdaşlıq: Bakı-Tbilisi xətti nə vəd edir? ÖZƏL
17:47 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri qonşu ölkənin aparıcı mediasında geniş rezonans doğurub. Tbilisinin mərkəzi küçələrinin Azərbaycan bayraqları ilə bəzədildiyi səfər çərçivəsində ticarət dövriyyəsinin ilin sonunadək 1 milyard dolları ötəcəyi, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların isə artıq 3,7 milyard dollara çatdığı xüsusi vurğulanıb. Gürcü mətbuatı bu görüşü iki qardaş ölkə arasındakı qırılmaz birliyin və regional liderliyin növbəti nümayişi kimi qiymətləndirib.
Prezidentin bu səfəri Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiyada Bakı-Tbilisi oxunu necə gücləndirir? Ticarət dövriyyəsinin 1 milyardlıq rekorda çatması "Orta Dəhliz" kimi qlobal layihələrin sürətlənməsinə necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Əlbəttə ki, prezidentin səfərində iki əsas məqsəd var. Bunlardan biri siyasi məqsəddir. Yəni Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar. Həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan formatında üçtərəfli strateji münasibətlər mövcuddur və bu səfərdə əsas məqsəd Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələri artırmaqdır.
Belə ki, nəzərə alsaq ki, indiki siyasi qırılmalar, dünyadakı kataklizmlər dövründə xüsusilə Azərbaycan və Gürcüstan arasında bu siyasi məsləhətləşmələrin aparılması çox vacibdir. Nəzərə alsaq ki, şimalda, Ukraynada müharibə gedir, regionumuzun cənubunda isə İranda böyük müharibə baş verir və bu müharibələr fonunda, öz daxili problemlərimizə baxmayaraq, Azərbaycan və Gürcüstan Qafqaz regionunda sabitlik adası kimi qorunub saxlanılıb. Baxmayaraq ki, Azərbaycan və Ermənistan arasında münaqişə hələ də tam bitməyib, sülh müqaviləsi imzalanmayıb, Gürcüstanın işğal altında olan əraziləri var, amma ən azından bizim bölgədə aktiv müharibə getmir. Bunun ən bariz nümunəsi ondan ibarətdir ki, şərq-qərb istiqamətində olan bütün uçuşlar məcburi şəkildə, Rusiyanın hava sahəsi bağlı olduğuna və İranda müharibə getdiyinə görə, məhz Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilir. Məhz bu dövrdə Azərbaycan və Gürcüstan arasında geosiyasi birliyin yaranması, Azərbaycan-Gürcüstan oxunun formalaşması xüsusilə vacibdir. Əslində bu ox artıq mövcuddur və daha da güclənməsi tələb olunur. Daha əvvəllər Gürcüstana Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmaq təklif olunub. Ermənistan rəhbərliyi Gürcüstanı başqa bir təhlükəsizlik çətirinə dəvət edirdi. Ermənistan özü həmin çətirə idi, ancaq Azərbaycan və Gürcüstan daha çox qarşılıqlı münasibətlərə üstünlük verməyə çalışıblar. Azərbaycanla Gürcüstan iqtisadi simbioz təşkil edir. Eyni zamanda Gürcüstan bütün çətin dövrlərdə Azərbaycan tərəfindən həm elektrik enerjisi, həm təbii qaz, həm də digər zəruri məhsullarla təmin olunub. Siyasi tərəfdən əlavə, məsələnin iqtisadi tərəfi də var. Gürcüstan və Azərbaycan iqtisadi baxımdan bir-birinə bağlıdır və bir növ iqtisadi simbioz yaradır. Çünki Gürcüstanda ən böyük sərmayə yatıran ölkələrdən biri Azərbaycandır və Gürcüstan Azərbaycan iqtisadiyyatının inkişafından faydalanır. Digər tərəfdən, Azərbaycanın qərb istiqamətində bütün geosiyasi xətləri -istər neft-qaz kəmərləri, istər nəqliyyat və kommunikasiya xətləri, istər elektrik və fiber-optik kabellər-hamısı Gürcüstan ərazisindən keçir. Gürcüstan üzərindən Türkiyə və Avropaya çıxış əldə olunur, həmçinin Qara dəniz vasitəsilə dünya okeanına çıxış imkanı yaranır. Bu isə xüsusi əhəmiyyət daşıyır. Rusiya ilə münasibətlərin gərgin olması, Avropanın Rusiya ilə daşınmaları məhdudlaşdırması, eyni zamanda İran üzərindən marşrutların çətinləşməsi Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Artıq Azərbaycan-Gürcüstan üzərindən Orta Dəhlizlə daşınmalar dəfələrlə çoxalıb və artmaqda davam edir. Bu, region ölkələrinin iqtisadi imkanlarını genişləndirir və ticarət dövriyyəsini artırır. Eyni zamanda, həm Rusiyada, həm də İranda baş verən geosiyasi dəyişikliklər şərait yaradır ki, Azərbaycan və Gürcüstan üzərindən Avropanın enerji təchizatında mühüm rol oynanılsın. Neft və qaz daşımalarının həcmi artsın, eyni zamanda digər nəqliyyat xətləri ilə qərb-şərq istiqamətində Orta Dəhliz üzərindən daşınmalar genişlənsin. Faktiki olaraq, Gürcüstan və Azərbaycan birlikdə Cənubi Qafqazda sabitlik adası yaradır və qərb ilə şərq arasında əsas körpü rolunu oynayır".
Zeynəb Mustafazadə