Rusiya İrana gizli dəstək verir?- Bölgədə böyük oyunun pərdəarxası- ÖZƏL
16:59 SiyasətQlobal gərginlik fonunda Rusiyanın İrana hərbi və kəşfiyyat dəstəyi göstərdiyi iddiaları artır. Məlumatlara görə, Moskva ABŞ-ın Səudiyyə Ərəbistanındakı aviabazasının peyk görüntülərini təqdim edib və Hörmüz boğazı yaxınlığına sualtı qayıqlar göndərib. Bu addımların ABŞ və İsrailin bölgədəki fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Savaşın başlandığı ilk dövrlərdən artıq məlum idi ki, İran tərəfi həm Rusiyadan, həm də Çindən müəyyən kəşfiyyat dəstəyi alır və bu artıq gizlədilmir də. Bir müddət öncə həm Amerikanın dövlət katibi, həm də müdafiə naziri bəyan etmişdilər ki, Rusiya tərəfindən verilən kəşfiyyat məlumatları onlara bəllidir və bu, savaşın gedişinə çox ciddi təsir göstərmir. Amma ümumilikdə gördüyümüz odur ki, bu kifayət qədər ciddi problem yaradır və həm İsrail ərazisində, həm də Səudiyyə Ərəbistanında bir çox hədəflərin koordinatları məhz Rusiya kəşfiyyatı vasitəsilə İran tərəfinə ötürülüb. Bütün bunlara baxmayaraq, ABŞ prezidentinin Rusiyaya münasibətinin hələ də yumşaq qalmasının bir çox səbəbləri olduğu ehtimal edilir. Bunlardan birincisi, Rusiya ilə müəyyən qədər münasibətləri normal saxlamaqla Çinlə mübarizədə onun neytrallığını təmin etmək məqsədidir. İkincisi isə Rusiya ilə bir çox istiqamətlərdə əməkdaşlıq edərək müəyyən maraqları təmin etməkdir. Bunlara həm Arktika ilə bağlı məsələlər, həm kosmos sahəsində əməkdaşlıq, həm də Rusiyanın nadir torpaq elementlərinin işlənilməsi ilə bağlı təkliflər daxil ola bilər. Ümumiyyətlə, göründüyü kimi, Donald Trampın Rusiya ilə bağlı mövqeyində müəyyən simpatik münasibət var. Xüsusilə də Rusiya prezidentinə olan münasibəti sirr deyil və bunun, ola bilsin ki, daha dərin səbəbləri də mövcuddur, lakin bunu dəqiq söyləmək çətindir. Bu davranış beynəlxalq səviyyədə birmənalı qarşılanmır. Niyə Donald Tramp Rusiya tərəfindən atılan bu addımlardan sonra belə Rusiyaya qarşı sərt tədbirlər görmür? Çox güman ki, bunu Donald Tramp və onun ən yaxın çevrəsi daha yaxşı bilir. Donald Trampın əsas siyasi məqsədlərindən biri gələcək Amerika-Çin rəqabətində Rusiyanın neytral qalmasını təmin etməkdir. Aparılan siyasət buna imkan verəcəkmi, yaxud Amerika buna nail olacaqmı? açıq demək çətindir və göründüyü kimi, bu, heç də asan olmayacaq. İran-Amerika qarşıdurmasında da Rusiyanın tutduğu mövqe ortadadır. Faktiki olaraq həm Rusiya, həm də Çin Amerikanı Yaxın Şərqdə bataqlığa salmaqla savaşın uzanmasına və ABŞ-ın zəifləməsinə yönəlmiş addımlar atır".
Zeynəb Mustafazadə