Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənir- ÖZƏL
15:43 Siyasət"Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra ediblər. Bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Azərbaycan və Gürcüstanın regional inkişafa töhfələri davamlıdır. Dövlətlərarası münasibətlərdə iqtisadi amilin rolunu nəzərə alsaq iki ölkənin birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələrinin əhəmiyyətini aydın şəkildə görmək olar. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının genişlənməsi əlaqələrimizin yüksələn xətlə inkişafının təsdiqidir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bu məqamlara xüsusi diqqət yönəldildi. Dövlətimizin başçısı bildirdi ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparıldı və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər. Cənab İlham Əliyev bu reallığı da bir daha diqqətə çatdırdı ki, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi icra edildi və bu gün bu infrastruktur böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir".