Şakir Ağayev: “Azərbaycan-Gürcüstan münasibətləri regionun sabitlik və inkişaf sütunudur” – ÖZƏL

"Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfər edib. Səfər ümumilikdə çox uğurlu keçdi. Azərbaycan Prezidenti yüksək səviyyədə, mühüm qonaq kimi qəbul olundu və bir sıra vacib görüşlər keçirildi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, səfər çərçivəsində həm Gürcüstanın baş naziri, həm prezidenti ilə görüşlər baş tutdu. Eyni zamanda, heç kimə sirr deyil ki, ölkənin siyasi həyatında mühüm təsirə malik olan, hakimiyyətin əsas fiqurlarından sayılan Bidzina İvanişvili də Azərbaycan Prezidentinin şərəfinə ziyafət təşkil etdi. Bu da səfərin əhəmiyyətinin və Azərbaycan Prezidentinə göstərilən xüsusi münasibətin göstəricisi kimi qiymətləndirilə bilər. Gürcüstanda yaxşı anlayırlar ki, Azərbaycan Cənubi Qafqazda ən önəmli və inkişaf etmiş dövlətlərdən biridir. Gürcüstanın iqtisadi inkişafı da böyük ölçüdə Azərbaycanla münasibətlərdən asılıdır. Tarix də bunu sübut edir. İstər 1990-cı illərdə, istər 2000-ci illərdə, istərsə də bu gün Azərbaycan Gürcüstanın çətin anlarında onun yanında olub, dəstək göstərib. Xüsusilə enerji böhranı və iqtisadi çətinliklər zamanı Azərbaycanın rolu danılmazdır.

"Bu gün Gürcüstan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Azərbaycandan başlayan və Gürcüstandan keçən transmilli layihələrdən asılıdır. Bunlara Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Erzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm layihələr daxildir. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. Onlar Gürcüstanın Cənubi Qafqazda rolunu gücləndirir və regiondakı strateji mövqeyini möhkəmləndirir. Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü çərçivəsində uzun illərdir davam edən əməkdaşlıq da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və Bakı-Tbilisi xəttini daha da gücləndirir. Eyni zamanda, qarşıda duran yeni layihələr - Zəngəzur dəhlizi, Orta dəhliz, eləcə də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri - regionda əməkdaşlığı daha da genişləndirəcək. Bu proseslərdə Gürcüstanın rolu və Azərbaycan-Gürcüstan əlaqələrinin əhəmiyyəti daha da artacaq", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, ticarət dövriyyəsinin 1 milyard dollara çatması da Gürcüstan iqtisadiyyatına ciddi müsbət təsir göstərəcək. Ümumilikdə, Gürcüstan iqtisadiyyatı Azərbaycandan keçən transmilli layihələrdən böyük dərəcədə asılıdır və Orta dəhlizin inkişafı bu layihələrin daha da sürətlənməsinə və genişlənməsinə mühüm töhfə verəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31