Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir- ÖZƏL
14:37 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana rəsmi səfər həyata keçirmiş və səfər çərçivəsində kütləvi informasiya vasitələri üçün bəyanatla çıxış etmişdir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, bu səfər Azərbaycan ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və yeni məzmunla zənginləşdirilməsinə xidmət edəcəkdir. Prezident iki ölkə xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin bu gün də uğurla davam etdiyini xüsusi vurğulamışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: "Prezident İlham Əliyev Gürcüstanda hökm sürən siyasi sabitliyin və davamlı iqtisadi inkişafın region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, bu müsbət dinamikanın gələcək əməkdaşlıq imkanlarını daha da genişləndirdiyini qeyd etmişdir. Eyni zamanda vurğulanmışdır ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini qətiyyətlə nümayiş etdirir.
İqtisadi əməkdaşlığa toxunan dövlət başçısı bildirmişdir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dollarını üstələmişdir. Bununla yanaşı, Azərbaycanın Gürcüstan iqtisadiyyatına indiyədək 3,7 milyard ABŞ dolları həcmində sərmayə yatırdığı diqqətə çatdırılmışdır. Prezident qeyd etmişdir ki, tərəflər arasında yeni investisiya layihələri ilə bağlı geniş fikir mübadiləsi aparılmış, həmçinin perspektivdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları da nəzərdən keçirilmişdir.
Dövlət başçısı Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinə toxunaraq bildirmişdir ki, bölgənin sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində Gürcüstan mühüm və danılmaz rol oynayır. Bu kontekstdə regional əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur.
Enerji sahəsində əməkdaşlıqdan bəhs edən Prezident qeyd etmişdir ki, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur və bu ixrac marşrutunun başlanğıcı məhz Gürcüstandan keçir. Xəzər dənizindən hasil edilən neftin də Gürcüstan ərazisindən keçməklə beynəlxalq bazarlara çıxarıldığı vurğulanmışdır. Bildirilmişdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq 20 ildən çoxdur ki, etibarlı və fasiləsiz şəkildə fəaliyyət göstərir. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin də uğurla icra olunduğu və regionun enerji xəritəsində mühüm yer tutduğu qeyd edilmişdir.
Sonda Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın digər qonşu dövlətlər üçün də nümunə təşkil etdiyini vurğulamış və ikitərəfli əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir".