Gürcüstanla əməkdaşlıq yerli istehsalın təşkilinə imkan yarada bilər - ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsi müzakirə edilən əsas məsələlərdən idi. Ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə imkan yaratmaqdadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Azərbaycanın Gürcüstana 712.7 milyon dollarlıq ixracatının 347.9 milyon dollarlı qeyri neft-qaz məhsullarıdır. Bu o deməkdir ki, ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib. Bununla yanaşı, il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq mal idxal etmişik.
Bəs, Azərbaycan Gürcüstandan hansı məhsulları idxal edir?
2025-ci ildə Azərbaycan Gürcüstan ilə 1002 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib. İl ərzində Gürcüstandan sular, alkoqolsuz energetik içkilər və şəkər əlavələri (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər  (10.3 milyon dollar), kartof  (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), ev toyuqlarının hissələrə ayrılmış əti və əlavə məhsulları (6.7 milyon dollar), keramikadan minalanmamış üzlük plitələr (5.4 milyon dollar), alkoqolsuz içkilər (3.5 milyon dollar), elektrik enerjisi (3.2 milyon dollar), malların saxlanması, daşınması və qablaşdırılması üçün şüşə qablar (2.9 milyon dollar), plastik kütlədən hazırlanmış tıxaclar, qapaq və qalpaqlar (2.5 milyon dollar), quş yumurtası, qabıqlı, inkubasiya üçün mayalanmış yumurtalar  (2.7 milyon dollar),  poçt markaları, dövlət rüsumu markaları, gerbli kağızlar, çek kitabçaları, aksiz markaları, banknotlar (2.3 milyon dollar), çörək-bulka və unlu qənnadı məmulatları (2.2 milyon dollar) və s. məhsullar idxal etmişik.
Göründyü kimi, Gürcüstandan idxal etdiyimiz malların siyahısında qida və içki məhsulları üstünlük təşkil edir. Bu kontekstdən, Gürcüstan ilə əməkdaşlığın genişləndirilməsi həmin məhsulların yerli istehsalının təşkilinə imkan yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31