Azərbaycan və Gürcüstan yeni layihələrin reallaşdırılmasında maraqlıdır
10:25 Siyasət
Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə uyğun müsbət dinamika ilə hərtərəfli inkişaf edir.Bu özünü ticari-iqtisadi əlaqələrin timsalında daha qabarıq göstərir. 2025-ci ildə Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsi müsbət dinamika götürməklə 881 milyon dollardan çox olub.Ümumi ticarət dövriyyəsinin 713 milyon dollara yaxını Azərbaycandan Gücüstana ixracın,169 milyon dollara yaxını isə idxalın payna düşür.Ötən il Gürcüstan Azərbaycanın xarici ticarət dövriyyəsində 10-cu,ixracımızda isə 7-ci yeri tutub. Azərbaycan isə Gürcüstanın ən böyük iqtisadi tərəfdaşları sırasına daxil olaraq 7-ci yerdə qərarlaşıb.Bununla belə ticarət əlaqələrini sürətləndirib,dövriyyəni milyard dolların üstünə qaldırmaqdan ötrü hər iki ölkənin yetərincə potensialı var.
Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. 2025-ci ildə isə Azərbaycan Gürcüstan iqtisadiyyatına 179,5 milyon dollar, Gürcüstan isə Azərbaycan iqtisadiyyatına 91,3 milyon dollara yaxın birbaşa investisiya yatırıb.Qarşılıqlı sərmayə qoyuluşlarının da həcminin əhəmiyyətli dərəcədə artırılması hər iki dövlətin imkanları daxilindədir.
Azərbaycan Prezidentinin Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Prezidenti və Baş naziri ilə görüşlər keçirilib.Görüşlər zamanı Azərbaycan-Gürcüstan əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.Həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələlər də müzakirə edilib.Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək dəyərləndirilib.İki ölkə arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Müzakirələrdə energetika,nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə,eləcə də təhlükəsizlik məsələlərinə xüsusi yer və önəm verilib.
Tərəflər bundan sonra da qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar,dostluq üzərində qurulmuş münasibətləri genişləndirilməyə,müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını və bu əsasda yeni layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib. Ən əsası isə dövlət başçıları əminliklərini ifadə ediblər ki,iki ölkə arasındakı strateji tərəfdaşlıq xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etdirilməkdə davam edəcək.
Əli Məsimli
Milli Məclisin deputatı