Keçmişdən gələcəyə uzanan yol- Dövlətçilik, dəyərlər və inkişafın vəhdəti
10:46 Siyasətİstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Hər bir xalqın kimliyi onun tarixində, yaddaşında və yaşatdığı dəyərlərdə gizlənir. Dövlətçilik ənənələri, milli adət-ənənələr, elm və mədəniyyət-bunlar sadəcə anlayış deyil, bir millətin ruhunu, dünyagörüşünü və gələcəyə baxışını müəyyən edən əsas sütunlardır. Bu dəyərlərin təbliği isə yalnız keçmişi xatırlamaq deyil, həm də bu günümüzü anlamaq və gələcəyimizi qurmaq deməkdir. Məncə, bir xalqı xalq edən onun yalnız yaşadığı ərazi deyil, həm də qoruyub saxladığı və inkişaf etdirdiyi mənəvi irsidir. Bu irs isə təsadüfən formalaşmır, əsrlərin sınağından keçərək cilalanır, zənginləşir və gələcək nəsillərə ötürülür. Azərbaycan bu baxımdan olduqca zəngin tarixə və çoxşaxəli mədəni irsə malikdir. Ölkəmizin dövlətçilik tarixi minilliklərə dayanır və bu tarix sadəcə faktlar toplusu deyil, həm də bir xalqın mübarizə ruhunun, azadlıq istəyinin və öz kimliyini qorumaq əzminin göstəricisidir. Qədim dövrlərdə formalaşan Atropatena və Qafqaz Albaniyası kimi dövlətlərdən başlayaraq, orta əsrlərdə güclü dövlətlərdən olan Şirvanşahlar dövləti və Səfəvilər imperiyası Azərbaycanın dövlətçilik ənənələrinin nə qədər dərin köklərə malik olduğunu göstərir. Düşünürəm ki, tarix yalnız keçmişdə qalan hadisələr deyil, o, bu günümüzün əsasını təşkil edir. Məhz bu zəngin dövlətçilik ənənələri müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamışdır. Bu gün Azərbaycan müstəqil, suveren və güclü dövlət kimi beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. Ölkəmiz siyasi sabitliyi, iqtisadi inkişafı və həyata keçirdiyi beynəlxalq layihələrlə diqqət mərkəzindədir. Xüsusilə son illərdə Azərbaycanın beynəlxalq aləmdə tanınması və nüfuzunun artması açıq şəkildə hiss olunur. Enerji layihələri, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın qlobal sistemdə mühüm aktora çevrildiyini göstərir. Məncə, bu uğurlar təsadüfi deyil, bu, düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir.
Müasir Azərbaycanın inkişafından danışarkən, şübhəsiz ki, ölkənin əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri- İkinci Qarabağ müharibəsində qazanılan Zəfər xüsusi qeyd olunmalıdır. 2020-ci ildə baş verən bu müharibə yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması demək idi. Bu Zəfər xalqın birliyini, dövlətin gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Məncə, bu qələbə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir və gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaq. Bu uğurun əldə olunmasında ölkə rəhbərliyinin rolu da xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan güclənməsinə xidmət edib. Onun uzaqgörən və balanslı siyasəti nəticəsində Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da söz sahibi olan ölkələrdən birinə çevrilib. Düşünürəm ki, bu siyasətin əsas xüsusiyyəti milli maraqları qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığı da inkişaf etdirməkdir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq tədbirlərin keçirilməsi, müxtəlif qlobal təşəbbüslərdə iştirak, multikultural dəyərlərin təşviqi ölkəmizin müsbət imicinin formalaşmasına xidmət edir. Bu isə dövlətçilik ənənələrinin müasir dövrdə uğurla davam etdirildiyini göstərir.
Milli adət-ənənələr isə bu dövlətçilik ruhunun ayrılmaz hissəsidir. Adət-ənənə dedikdə, nəsildən-nəslə ötürülən, insanların həyat tərzində və düşüncəsində öz əksini tapan mənəvi dəyərlər sistemi nəzərdə tutulur. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqı da bu baxımdan olduqca zəngindir. Bu ənənələr xalqın kimliyini qoruyur, onu digər xalqlardan fərqləndirir və milli birliyi möhkəmləndirir. Belə halda Novruz bayramı xüsusi əhəmiyyət daşıyır. Novruz yalnız təbiətin oyanışı deyil, həm də milli dəyərlərin təntənəsidir. Axır çərşənbələrin qeyd olunması, tonqal qalamaq, papaq atmaq, bayram süfrəsinin hazırlanması-bütün bunlar əsrlər boyu yaşadılan və bu gün də davam etdirilən ənənələrdir. Məncə, Novruzun ən böyük gücü onun insanları bir araya gətirməsindədir. Bu bayram ailə bağlarını gücləndirir, insanlar arasında sevgi və birlik hissini artırır. Düşünürəm ki, ənənələrin yaşaması üçün onları yalnız qeyd etmək kifayət deyil, onları başa düşmək, sevmək və gələcək nəsillərə ötürmək lazımdır. Əgər biz bu dəyərləri qoruyub saxlamasaq, zamanla onlar unudula bilər. Bu isə milli kimliyimizin zəifləməsinə gətirib çıxara bilər.
Elm isə cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvələrdən biridir. Elm insanın dünyanı dərk etməsinə, yeni biliklər əldə etməsinə və həyat şəraitini yaxşılaşdırmasına imkan yaradır. Məncə, elm olmadan nə inkişafdan, nə də güclü dövlətdən danışmaq mümkündür. Azərbaycanda elmin inkişafı üçün geniş imkanlar yaradılıb. Məktəblər, universitetlər, elmi-tədqiqat mərkəzləri bu sahədə mühüm rol oynayır. Gənclərin təhsilə cəlb olunması, onların xaricdə təhsil alması və qazandıqları bilikləri ölkəyə gətirməsi Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan gəncləri müxtəlif sahələrdə uğur qazanaraq ölkənin elmi potensialını artırır. Mədəniyyət isə bir xalqın ruhunun ən incə ifadəsidir. Musiqimiz, ədəbiyyatımız, incəsənətimiz, milli dəyərlərimiz Azərbaycanın zəngin mədəni irsini təşkil edir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi isə hər birimizin üzərinə düşən məsuliyyətdir. Azərbaycan mədəniyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınır. Muğam sənəti, milli rəqslər, ədəbiyyat nümunələri dünya mədəniyyət xəzinəsində öz layiqli yerini tutur. Müxtəlif beynəlxalq festivalların keçirilməsi, mədəni layihələrin həyata keçirilməsi Azərbaycanın mədəni simasının dünyaya təqdim olunmasına xidmət edir.
Nəticə etibarilə, dövlətçilik tarixi, milli adət-ənənələr, elm və mədəniyyət bir-biri ilə sıx bağlı olan və bir-birini tamamlayan dəyərlər sistemidir. Bu dəyərlərin təbliği isə yalnız bir vəzifə deyil, həm də milli borcdur. Çünki keçmişini bilməyən, dəyərlərini qorumayan və elmi inkişaf etdirməyən bir cəmiyyətin gələcəyi də möhkəm ola bilməz. Düşünürəm ki, biz bu dəyərləri nə qədər çox yaşatsaq və təbliğ etsək, gələcəyimiz də bir o qədər güclü və işıqlı olacaq.
Zeynəb Mustafazadə
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.