Fazil Mustafadan fanatizm axmaqlığına maraqlı izah
17:05 SiyasətFutbol oynamaq sağlamlıq üçün yaxşı bir vərdişdir. Futbola baxıb zövq almaq da eləcə. Futbol xəstəsi olmaq isə sadəcə axmaqlıqdır.
Dindar olmaq düzənli və məsuliyyətli ömür yaşamaq deməkdir. İbadət minimumların yerinə yetirmək də insanın düşüncə imkanlarını daraltmadıqca faydalıdır. Din xəstəsi olmaq, hələ-hələ məzhəb xəstəsi olmaq sadəcə vəhşilikdir.
Demokratiyadan yana olmaq insanın qanunlara və çevrədəki insanlara sayğılı davranmasını ehtiva edir. Demokratik yaşam tərzini təbliğ etmək vacib prinsipial davranışdır. Demokratiya xəstəliyinə yoluxmaq isə reallığın iyini və tamını itirməklə müşahidə olunan əbləhlik deməkdir.
Nəyinsə, kiminsə fanatı, xəstəsi olmayın! Öz faydalı makismumlarını və faydalı minimumlarını anlayan insan olun, yetər! O halda baxışınızla, duruşunuzla, danışığınızla, davranışınızla çevrəni kirlətməyəcəksiniz, fərqli ideologiyaların nökərinə çevrilmiş adam olmayacaqsınız.
Bunu nədən yazdım? Sadəcə bir cümlə vadar etdi. Ağılla əldə etdikləri yeni texnoloji üstünlüklə evin axırıncı adamına qədər o dünyaya göndəriblər, adam torpağı üstündən çırpıb yenə də deyir ki, onlar bizim tariximizi hələ yaxşı bilmirlər! Zavallı məxluq, onların nəyinə lazım sənin 5 min il, üstəgəl onun içindəki 1400 illik qapqaranlıq tarixin? Kitab deyirsən son kitabı da sən almısan, Peyğəmbər deyirsən, son Peyğəmbəri də sən almısan. Heç olmazsa Allahın yaratdığı dünyanın son ağlını da almağa çalış! Mehdinin gəlib-gəlməyəcəyini bir lotereya kimi oynamaqdan həzz almağa davam etmək istəyirsən, o halda yenə də dünyanın zibilliyində başını girələməyə davam edərsən. Əgər o tarix sənin indini bu cür biçib-düzəldibsə, basdır o qaranlıq tarixi, yox et, çağdaş dünyanın çağırışlarına qulaq verib yenidən insan olma fürsətini dəyərləndir!
Məhəmməd İqbal buna "insanın və imanın yenidən inşası" deyərdi. Bir qlobal zalım başqa bir lokal zalıma öz "mərifətini" göstərəndə, onlar arasında fərqi müəyyənləşdirmək olmur. Yenidən inşa layihəsini gerçəkləşdirməsəniz qlobal zalım lokal zalıma bundan sonra da əxlaq öyrətməyə davam edəcəkdir!