Seçki qorxusu, yoxsa reallıq? Qarabağdan köçənlərin siyasi rolu müzakirədə- ÖZƏL
17:01 Siyasət"Qarabağdan könüllü şəkildə köçən ermənilərə vətəndaşlığın verilməsi prosesi bir sıra amillərlə bağlıdır. Bu prosesdə sənədləşmə və qeydiyyat mərhələləri, müraciətlərin çoxluğu, hüquqi statusların dəqiqləşdirilməsi kimi texniki və inzibati çətinliklərin yaranması istisna deyil.
Həmin şəxslərə vətəndaşlığın
verilməsinin qəsdən yubadılması ilə bağlı iddiaları birmənalı şəkildə təsdiqləmək çətindir. Müəyyən problemlər və gecikmələr mövcud olsa da, bunları tam şəkildə siyasi məqsədlərlə əlaqələndirmək üçün kifayət qədər əsaslı sübutlar yoxdur.
Seçki amilinə gəldikdə isə bu məsələ Nikol Paşinyan hakimiyyəti üçün həssasdır. Qarabağdan köçən ermənilərin müəyyən hissəsi müharibə ilə bağlı daha sərt mövqedə ola və hökumətin siyasətindən narazılıq ifadə edə bilər. Lakin onların hamısının müxalif seçici kimi çıxış edəcəyini iddia etmək düzgün deyil. Bu baxımdan "seçki qorxusu" arqumenti müəyyən məntiqə malik olsa da, ümumiləşdirilmiş yanaşma hesab olunur".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Qarabağ ermənilərini Ermənistan daxilində müxalifətin əsas dayağı kimi qiymətləndirmək doğru olmaz. Onlar müəyyən mənada müxalifətin elektoratını genişləndirə bilərlər, lakin həlledici siyasi qüvvə statusuna malik deyillər. Bunun əsas səbəbləri sırasında onların siyasi təşkilatlanma səviyyəsinin zəif olması və sosial problemlərin daha prioritet olması dayanır.
Eyni zamanda, bu məsələ müəyyən şərtlər daxilində siyasi təzyiq alətinə çevrilə bilər. Əgər sosial problemlər, xüsusilə mənzil və məşğulluq məsələləri uzun müddət həll olunmasa, vətəndaşlıq prosesi narazılıq doğursa və müxalifət bu narazılığı təşkilatlanmış şəkildə yönləndirə bilsə, bu vəziyyət Nikol Paşinyan hökuməti üçün əlavə təzyiq faktoruna çevrilə bilər. Prosessin gələcək inkişafı daha çox hökumətin atacağı addımlardan və müxalifətin bu məsələni nə dərəcədə effektiv şəkildə siyasiləşdirə bilməsindən asılı olacaq".
Zeynəb Mustafazadə