Üçüncü dünya müharibəsi riski: ABŞ-nin İran planında "Ərəb faktoru" – ÖZƏL
16:27 Siyasət"ABŞ İranda hakimiyyəti dəyişərək onu öz nəzarətinə götürmək istəyir. Bu məqsədlə İranda hərbi əməliyyatlar başladı. ABŞ raketlər və dronlar vasitəsilə İranın siyasi xadimlərini və strateji obyektlərini hədəfə alaraq ölkə daxilində xaos yaratmaq istəyir. Lakin məsələ burasındadır ki, bu cür əməliyyatlarla İranda hakimiyyəti dəyişmək faktiki olaraq mümkün deyil. Quru əməliyyatı aparılmadan belə bir nəticəyə nail olmaq real görünmür. Bu baxımdan ABŞ təkbaşına İranla quru əməliyyatı aparmaq niyyətində deyil. Əksinə, İranla qonşu olan dövlətləri, xüsusilə də ərəb ölkələrini bu münaqişəyə cəlb etmək istəyir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, hərbi əməliyyatlar başlayarkən ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İran üçün hədəfə çevrilmişdi. İranın bu bazaları vurması həmin ölkələrin narazılığına səbəb oldu. İran bunu özünümüdafiə hüququ kimi əsaslandırdı, çünki ona qarşı hücumlar məhz həmin bazalardan həyata keçirilirdi. Həmçinin, ərəb dövlətləri bu məsələdə ABŞ-yə qarşı çıxış etmədilər. İslamda "La ilahə illallah" deyən hər bir şəxsin qardaşdır. Bu prizma ilə baxdıqda, ərəb dövlətlərinin İranı tək qoyması və ABŞ-nin hərəkətlərinə qarşı çıxmaması müəyyən suallar doğurur.
Ekspertin sözlərinə görə, Hörmüz boğazının bağlanması ehtimalı həm ərəb ölkələrinin, həm də qlobal iqtisadiyyatın maraqlarına ciddi təsir edir. Eyni zamanda, İrana məxsus neft yataqlarının hədəfə alınması da region ölkələrində narazılıq yaradır. Bu narazılıqdan istifadə edərək ABŞ-nin ərəb dövlətlərini İran əleyhinə daha fəal mövqe tutmağa təşviq etməyə çalışır. Xüsusilə quru əməliyyatında ərəb dövlətlərinin dəstəyi olmadan ABŞ-nin uğur qazanması çətin olacaq və bu, uzunmüddətli və çətin bir prosesə çevrilə bilər. Bu səbəbdən ABŞ-nin əsas məqsədi ərəb ölkələrini İran əleyhinə mövqeyə cəlb etmək və hərbi əməliyyatlara qoşmaqdır. Belə bir ssenarinin reallaşması isə artıq de-yure üçüncü dünya müharibəsi riskini gündəmə gətirə bilər. Bu, yalnız hərbi deyil, eyni zamanda qlobal iqtisadi sistemdə də ciddi xaos və qeyri-sabitlik yarada bilər. Ümumilikdə, ABŞ-nin İran əleyhinə siyasətində əsas məqsəd hakimiyyəti dəyişmək və bu prosesdə ərəb dövlətlərindən vasitə kimi istifadə etməkdir.
Səidə Ramazanova