İran və Körfəz ölkələri: hərbi qarşıdurmanın ssenariləri və ABŞ-ın rolu- ÖZƏL
15:45 SiyasətSəudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib ki, İranın mümkün təxribatlarına qarşı Körfəz ölkələri sərt cavab verməyə hazırdır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Səudiyyə Ərəbistanından gələn bu bəyanata baxmayaraq, hər hansı bir Ərəb dövlətinin İranla müharibəyə qoşulmasına ehtimal vermirəm. Ona görə ki, belə bir hal yaşanarsa, bu İrandan çox həmin dövlətin özünə qarşı bir addım olacaq. Nəyə görə? Çünki İranın infrastrukturuna, onun hərbi bazaları başda olmaqla strateji nöqtələrinə zərbələr endirilir. Yəni, İranın artıq itirəcəyi çox az bir şey qalıb. Ərəb dövlətlərində isə İran sadəcə barmaqla sayılacaq nöqtələrə zərbə endirə bilər. Bu da sadəcə ona fokuslanmışdır ki, Ərəb dövlətləri ərazilərindən ABŞ-ın İrana qarşı zərbələrində istifadə edilməməsinə şərt qoysun. Yəni, Ərəb dövlətləri ABŞ-dan öz ərazilərinin istifadəsini dayandırmasını istəsin. Tamamilə buna hesablanmışdır. Amma indi Ərəb dövlətlərindən hər hansı biri və ya toplu şəkildə hamısı İrana qarşı bu əməliyyatlara qoşularsa, onda İranın da həmin ölkələrə qarşı zərbələri daha kəskin olacaq. Nəzərə alsaq ki, İran onsuz da neftini dünya bazarına düzgün çıxara bilmirdi, sanksiyalar altında idi və neft-qaz ixracından gəlirləri Ərəb dövlətləri ilə müqayisədə qat-qat aşağıdır, onda təsəvvür etmək çətin deyil ki, belə bir qarşıdurmanın sonunda, tərəflərin bir-birinə ölümcül zərbələri fonunda kim daha çox itirəcək. Məhz bu nöqtədə mən belə düşünürəm ki, Səudiyyə Ərəbistanı və ya bu tip açıqlamalar verən digər hər hansı bir Ərəb dövlətinin məqsədi İrana xatırlatma etməkdir. Bir növ də şantaj kimi biz bunu qəbul edə bilərik ki, onlar öz güclərinin olduğunu və bununla da İrana zərbə vurmaq iqtidarında olduqlarını göstərməklə Tehranı çəkindirmək istəyirlər. Amma Tehran tərəfi də mənə elə gəlir ki, artıq çəkinməyəcək. Bayaq da qeyd etdiyimiz kimi, itiləcək çox az bir şey qalıb. Artıq müharibə vəziyyətindədir. Hər şeyini müharibə və iqtisadiyyatına uyğun hesablayacaqlar yəqin. Ona görə də indi Ərəb dövlətlərinin burada maksimum halda özlərini, infrastrukturunu və iqtisadiyyatını qorumaq üçün bir yolu var: ABŞ-ı razı salmaq və hər hansı bir formada onunla razılaşmaya nail olmaq.
Digər bütün versiyalarda qalib gəlsələr belə, məsələn, deyək ki, müharibəyə qoşuldular və qalib gəldilər. Amma bu müharibənin sonunda onlar quru bir qələbə qazanacaqlar. Əvəzində onların enerji infrastrukturları dağılacaq, hərbi bazaları, canlı qüvvə və sivil itkiləri olacaq. Yəni sağalan yaralar, amma qarşılığında Ərəb dövlətlərindən milyardlarla zərər alacaqlar. O ki qaldı ABŞ-ın bölgədəki və digər beynəlxalq güclərin üstünlüyünə, artıq ABŞ hesablamalarında yanıldığı bir reallıqla üzləşib. Çünki Xameneiyə qarşı hədəf planlanarkən məqsəd daxildə parçalanma yaratmaq, başsızlıq mövcud etmək və rejimin öz daxilində entrikalar yaratması idi. Amma rejim nəinki dağılmadı, heç bir ciddi fikir ayrılığı da görünmədi. Əksinə, İranda ənənəvi radikal tutumlularla reformistlər eyni mərkəzə toplandılar və öncə İran dedilər. Amerika bu hesablamalarında yanıldığını gördü. Sonra mənə elə gəlir ki, dünyanın heç bir dövləti İranın bu qədər ciddi raket arsenalına malik olduğunu və ya özünü bu qədər müdafiə edəcəyini, daxildəki narazılıqlara rəğmən sabitliyi qoruyacağını gözləmirdi. Bütün bunlar göstərir ki, ABŞ-ın regiondakı təsiri artıq azalmaqda davam edir. Ya ABŞ məcburdur ki, ölüm-qalım savaşına başlasın, istər canlı qüvvə ilə, istərsə havadan hücumlarla İran məsələsini həll etsin. Bu da onun ciddi hərbi və texniki imkanlarını itirməsi ilə nəticələnə bilər. Ya da ABŞ artıq razılaşmalıdır ki, o və müttəfiqləri ən azından İran məsələsində təsirlərini itirməkdədirlər".
Zeynəb Mustafazadə