Ermənistanda seçki hesablamaları: Vətəndaşlıq prosesi niyə qəsdən yubadılır? – ÖZƏL
15:10 SiyasətErmənistanın "İravunk" qəzeti Qarabağdan köçən ermənilərin vətəndaşlıq almaqda süni maneələrlə üzləşdiyini bildirib. Sakinlər aylardır davam edən yubanmaların mənzil sertifikatı və sosial yardımlara çıxışı əngəllədiyini vurğulayırlar. Nəşr iddia edir ki, Paşinyan hökuməti Qarabağ ermənilərinə vətəndaşlıq verilməsini seçkilərə qədər qəsdən geciktirir. Buna səbəb kimi, həmin şəxslərin səsvermə hüququ qazanaraq mövcud hakimiyyətin əleyhinə səs vermə ehtimalı göstərilir.
Maraqlıdır, vətəndaşlıq prosesinin uzadılması həqiqətən seçki qorxusu ilə bağlı ola bilərmi? Həqiqətən Qarabağ erməniləri Ermənistanın daxili siyasi arenasında müxalifət üçün əsas qüvvədir?
"Bəli, həqiqətən də Qarabağdan olan ermənilər Nikol Paşinyana qarşı müxalif mövqedədirlər və daha çox müxalifətin elektoratını təşkil edirlər. Rusiya yönümlü qüvvələrə, məsələn, Robert Koçaryan kimi fiqurlara daha yaxın olmaları da bununla izah olunur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Qarabağdan köçən ermənilər, demək olar ki, Paşinyanı dəstəkləmirlər. Bu səbəbdən böyük ehtimalla Paşinyan da bu amili nəzərə alır. Hər halda, onlar sabah səsvermədə iştirak etsələr belə, əksəriyyətinin Paşinyana səs verəcəyi inandırıcı görünmür. Say baxımından çoxluq təşkil etməsələr də, onların təsir imkanları mövcuddur. Qarabağ erməniləri Ermənistan daxilində müəyyən bir faktor kimi qalırlar. Onlar yaxşı təşkilatlanmış, uzun illər ərzində formalaşmış şəbəkələrə, maliyyə imkanlarına və müxtəlif əlaqələrə malikdirlər. Bundan əlavə, keçmişdə onların nümayəndələri hakimiyyətdə olub, bu isə onların institusional təsirini artırıb. Bu baxımdan, Ermənistan daxilində Qarabağdan olan ermənilər müəyyən dərəcədə mütəşəkkil və mobil siyasi qüvvə kimi çıxış edirlər. Lakin görünən odur ki, hakimiyyət bu qrupun siyasi müstəvidə güclü şəkildə mövcudluğunu çox da arzulamır.
"Vətəndaşlıq məsələsinə gəlincə, ehtimal olunur ki, bu məsələ müəyyən siyasi proseslərlə bağlı şəkildə həll ediləcək. Seçkilərdən sonra isə bu istiqamətdə yanaşmaların dəyişməsi mümkündür. Həmçinin, zaman keçdikcə bu qrupun maliyyə və təşkilati imkanlarının zəiflədilməsi də istisna deyil", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Qarabağ faktorundan siyasi məqsədlər üçün istifadə olunduğu aydındır və bu, gələcəkdə də davam edə bilər. Lakin ehtimal edilir ki, bu təsir daha çox məhz Qarabağdan olan ermənilər seqmenti ilə məhdudlaşacaq.
Lamiyə Cəbrayılova