Təhlükə qapıda: “Humanitar fəlakət bir ölkə ilə məhdudlaşmayacaq”-Ekoloq- ÖZƏL

"Sosial şəbəkələrdə İsrail-İran müharibəsindən  foto və video materiallar yayılır. Çox dəhşətli görüntülərdir. İri göydələnlər, yaşayış binaları yerlə bir olur, adamlar, heyvanlar dəmir armaturların arasında, beton divarların altında qalıb ölür, şikəst olurlar. Bir zamanlar dəhşətli müharibələri filmlərdə, sənədli salnamələrdə görürdük. Müəllimlərimiz bizə müharibənin çox dəhşətli bir şey olduğunu bildirirdilər. Tale elə gətirdi ki, bu acı mənzərəni özümüz də gördük". Bu sözləri olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, müharibəni dünyanı, sərvətləri yenidən bölüşdürmək istəyən qlobal güclər başladır, əziyyətini isə bölgənin xaqları çəkir: "Savaşları siyasətçilər, dini liderlər, hərbi rəhbərlər başladır. Acısını sadə xalq yaşayır. Sosial şəbəkələrdə gördüyüm fotolar dəhşət saçır. Biz bunu birinci Qarabağ müharibəsində Xocalıda, Ağdamda, 44 günlük Vətən savaşında Gəncədə, Bərdədə görmüşük. Hərbi bazalar, silah-sursat anbarları ilə yanaşı dinc sakinlərin evləri də hədəfə alınır. Minlərlə insan evsiz-eşiksiz qalır, neft mədənləri məhv edilir. Neft müəssisələrinin vurulması qorxuncdur. Adamlar ekran arxasından müharibə filminə baxırmış kimi izləyirlər baş verənləri. Amma nəzər almırlar ki, kiçicik bir xəta, məsuliyyətsiz davranış bütün regionu ekoloji fəlakət girdabına sala bilər. Bu günlərdə məlumat yayılıb ki, tərəflər kimyəvi silahdan istifadə edə bilərlər. Bu ssenari dəhşətli sonuclara gətirib çıxara bilər. Bütün təbiətsevərlər bu dağıdıcı müharibənin tezliklə dayandırılmasını arzulayırlar. Çünki Yer kürəsi təkcə bizim evimiz deyil. Planetimiz milyonlarla  heyvan və bitki növünə ev sahibliyi edir. XXI əsr insanı bu qədər yırtıcı, dağıdıcı olmamalıdır. Unutmayaq ki, Yer kürəsinin sərvətləri çoxdur, amma tükənməz deyil. Bu gün yerin təkində milyon ilə əmələ gələn fosil qalıqlarından yaranan yanacaqla işləyən qırıcılar insanların başına bomba yağdırır. Ən müasir raketlər torpağın münbit  qatını məhv edir, havanı, suyu zəhərləyir. Suyumuza, havamıza qarışan o zərərli maddələr sağalmaz xəstəliklər yaradır".
Ekoloq hesab edir ki, dünyamızın gələcəyini düşünən qlobal beyin mərkəzləri müasir dağıdıcı silahlarla aparılan müharibələrin dayandırılmasını tələb etməli, təcili olaraq gündəmdə olan ekoloji problemlər müzakirə olunmalıdır: "Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci yığıncağı (COP31) qardaş Türkiyədə keçiriləcək. Türkiyə Yaxın Şərqdə baş verən müharibədə tərəfsizdir. Amma müharibənin davam etdirilməsini istəmir. Fikrimcə, Türkiyə, Avropa ölkələri regiona ekoloji fəlakət vəd edən bu müharibənin dayandırılmasına səy göstərməlidir. Çünki havası, suyu çirklənən bizlərik, ABŞ, Çin deyil. Dağıdıcı müharibə davam edir və gün gündən şiddətlənir. Artıq kütləvi qırğın silahlarından istifadə olunacağına dair fikirlər var. Belə olarsa, böyük bir regionda yüz milyonlarla insanın həyatı təhlükə altına düşəcək. Humanitar fəlakət bir ölkə ilə məhdudlaşmayacaq. Regiondan köç dalğası başlanacaq".

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31