Paşinyanın şansı və Rusiyanın kölgəsi: Aİ hibrid müdaxilə ilə seçkilərə dəstək verir- ÖZƏL

Avropa İttifaqı Ermənistanın müraciəti əsasında ölkəyə hibrid çevik müdaxilə qrupu göndərməyə hazırlaşır. Bu barədə qurumun xarici siyasət rəhbəri Kaya Kallas məlumat verib. Bildirilib ki, məqsəd parlament seçkilərinə mümkün xarici müdaxilələrin qarşısını almaqdır. Kallas vurğulayıb ki, təzyiq altında olan demokratiyalar Avropanın dəstəyinə arxalana bilər.

Görünən odur ki, söhbət Rusiyanın müdaxiləsindən gedir. Maraqlıdır, Aİ Moldovadakı uğurunu Ermənistanda da göstərə biləcəkmi?Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Avropa İttifaqına da məlumdur ki, Ermənistanda Paşinyanın reytinqi onun seçkilərdə qalib gəlmək şansını artırır. Ancaq bununla yanaşı Rusiyanın da öz təsir vasitələri var. Maraqlarına xidmət edən keçmiş hakimiyyət təmsilçiləri Rusiya naminə Ermənistanda təxribat yarada, seçkinin məcrasını dəyişə bilərlər.  Aİ da öz maraqlarının təmini üçün bu kimi məsələlərdə maraqlıdır. Avropa İttifaqının müşaiyəti ilə keçirilən seçkinin həm də legitimliyini və demokratik olduğunu şüar etmək Paşinyanın da işinə yarayır. Kilsə sistemində və siyasi arenada hələ də Rusiyanın təsirli fiqurları var".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31