İqtisadi asılılıq və sülh: ticarət artımı regional inkişafı necə dəstəkləyə bilər?- ÖZƏL

Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi fonunda iqtisadi əlaqələrdə də canlanma müşahidə olunur. Artıq Azərbaycanın rəsmi statistik göstəricilərində Ermənistanla ticarət əməliyyatları yer almağa başlayıb. Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası region iqtisadiyyatına hansı real təsirləri göstərə bilər?  Enerji məhsullarının ixracı ilə başlayan bu əməkdaşlıq gələcəkdə hansı sahələr üzrə genişlənə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
"Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası ilk növbədə regionda iqtisadi sabitliyi gücləndirə bilər. Ticarət artdıqca qarşılıqlı asılılıq yaranır və bu da münaqişə riskini azaldır. İqtisadi əlaqələr biznes mühitini canlandırır, sərhəd bölgələrində yeni iş yerləri yaradır və logistika xərclərini aşağı sala bilər. Eyni zamanda nəqliyyat marşrutlarının açılması regionu daha cəlbedici tranzit mərkəzinə çevirə bilər.
Enerji məhsullarının ixracı ilə başlayan əməkdaşlıq praktiki baxımdan məntiqlidir, çünki bu sahə artıq hazır infrastruktura və tələbat bazasına malikdir. Bu proses davam edərsə, gələcəkdə elektrik enerjisi ticarəti, qaz təchizatı və enerji ötürücü xətlərinin birləşdirilməsi kimi istiqamətlər də inkişaf edə bilər. Bununla yanaşı, əməkdaşlıq tədricən digər sahələrə də keçə bilər. Kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti, ərzaq sənayesi, tikinti materialları və yüngül sənaye sahələri ilk genişlənə biləcək istiqamətlərdir. Daha sonra xidmət sektoru, xüsusilə nəqliyyat-logistika, turizm və hətta maliyyə xidmətləri də bu prosesə qoşula bilər.
Əgər siyasi sabitlik qorunarsa, uzun müddətdə birgə infrastruktur layihələri, sərmayə qoyuluşu və regional ticarət dəhlizlərinin inkişafı mümkün ola bilər. Bu isə təkcə iki ölkəyə deyil, ümumilikdə Cənubi Qafqaz regionunun iqtisadi inteqrasiyasına müsbət təsir göstərə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31