Samir Hümbətov: "Almaniyanın regiondakı münaqişələrə təsir imkanları məhduddur" – ÖZƏL
13:51 SiyasətMartın 17-də Prezident İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts telefon danışığı zamanı Yaxın Şərqdəki gərginliyi, Cənubi Qafqazın təhlükəsizliyini və Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər. Kansler regional sabitlik üçün sülh danışıqlarını dəstəklədiyini və ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.
"Yaxın regionda baş verən hadisələr dünyaya birbaşa təsir etməsə də dolayı təsirlərin olması mümkündür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçinin sözlərinə görə, regionda baş verən istənilən böhran ilk növbədə enerji qiymətlərinə təsir edir. Enerji qiymətlərindəki dəyişiklik isə nəticə etibarilə dünya iqtisadiyyatına, oradan da dünya siyasətinə təsir göstərir. Yəni bu proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır.
Ekspert bildirib ki, İranda baş verən hadisələrin Cənubi Qafqaza təsirinə gəldikdə isə, bu məsələni daha dərindən təhlil etmək lazımdır. Bəzən regionun diqqətdən kənarda qalması ehtimalı qeyd olunur, lakin bu, ciddi təhlükə kimi qiymətləndirilmir. Məsələn, münaqişənin genişlənəcəyi təqdirdə miqrasiya dalğasının yaranması mümkündür. Eyni zamanda, hərbi gərginliyin artması halında silahlı təsirlərin istiqamətinin dəyişərək Cənubi Qafqaza yönəlməsi kimi ehtimallar da nəzəri olaraq istisna edilmir. Lakin İranda mümkün sistem dəyişikliyinin Ermənistan-Azərbaycan münasibətlərinə təsiri daha çox səthi xarakter daşıya bilər. Çünki tərəflər artıq müəyyən sülh razılaşmaları istiqamətində addımlar atıblar və bu proses davam edir.
"Almaniyanın bu məsələdə roluna gəldikdə isə, onun təsir imkanları məhduddur. Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil və iqtisadi gücünə baxmayaraq, regiondakı münaqişələrə birbaşa təsir imkanları o qədər də böyük deyil", - deyə siyasi şərhçi sonda əlavə edib.
Lamiyə Cəbrayılova