Vaşinqtonda üzə çıxan reallıq Avropada da həzm olunur- ÖZƏL

"Bir zamanlar Azərbaycanla Ermənistana "çəkişməyə son qoyun, aranızdakı problemi danışıqlar masası arxasında çözün" deyənlərin, əməldə isə bunun əksinə çalışanların hamısı indi ya özləri birbaşa savaşın içindədirlər, ya da savaşa qatılanların yanında yer alıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Dövlətimiz isə beynəlxalq tədbirlərdə özünün işğala son qoymaq və sülh yaratmaq təcrübəsini bölüşür ki, onlardan biri də "Gündəlik: Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılmasına" həsr olunmuş 13-cü Qlobal Bakı Forumu idi. Cənab İlham Əliyev həmin forumda bir vaxtlar bizim üzləşdiklərimizlə indi üzləşən dövlətlərə üzünü tutaraq deyir ki: "Haqlı olduğunuza əminsinizsə, sizi əngəlləməyə çalışanlara fikir verməyin." Torpaqlarımız işğal altında olanda kimsə Azərbaycan prezidenti sayaq açıq şəkildə bizə bunu deyirdimi? Xeyr, demirdilər. Amma buna baxmayaraq millətimiz və dövlətimiz təsəvvürə belə gətirilməyən bir reallıq yaratmağı bacardı. Elə bir reallıq ki, Bakıda 13-cü Qlobal Forum keçirilən gün Ermənistanın baş naziri Avropa Parlamentində Qarabağdan özləri çıxıb gedən soydaşlarının emosional hissləri ilə oynamamaq çağırışı edir, onların geri dönməyəcəklərini bildirirdi. Qarabağı özləri tərk edənlərin geriyə dönüşləri ilə bağlı bir neçə qətnamə qəbul edən Avropa Parlamentindəkilər üçün bunun nə demək olduğu yəqin ki, aydındır.
Və o da aydındır ki, Paşinyanın həmin çıxışı da, ordan dövlət başçımıza bir daha minnətdarlığını bildirməsi də, eyni gündə Avropa İttifaqı Şurası prezidenti Antonio Kostanın Bakıya səfəri də, Fransa prezidenti Makronun cənab İlham Əliyevə zəng edərək Azərbaycana qarşı hava hücumunu pisləməsi, bizimlə həmrəyliyini dilə gətirməsi də bir-birinə bağlı məsələlərdir və ötən il avqustun 6-da Vaşinqtonda üzə çıxan reallığın Avropada da həzm olunmasıdır. Bu, 2024-cü ilin 5 aprelində Brüsseldəki üçlü görüşdəki mənfur planın üstündən xətt çəkilməsi və Azərbaycan diplomatiyasının qələbəsi deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31