Hədəfdə artıq liderlər: müharibənin dəyişən siması- ÖZƏL
13:00 Siyasət"Əli Laricaninin öldürülməsi müharibə kontekstində qiymətləndirilsə də, bu hadisə regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Müasir qarşıdurmalarda tərəflər yalnız hərbi obyektləri deyil, həm də qərarverici fiqurları hədəf alır və bu, münaqişənin xarakterini daha da mürəkkəbləşdirir.
İsrail baxımından bu cür addımlar təhlükəsizlik strategiyasının bir hissəsi kimi izah olunur və potensial risklərin qarşısını əvvəlcədən almağa yönəlir. Lakin bu tip əməliyyatlar qarşı tərəfin reaksiyasını sərtləşdirə və qarşıdurmanın miqyasını genişləndirə bilər".
Bu fikirləri siyasi şərhçi Xasay Gəraylı Olaylar.az-a açıqlamasında söyləyib:
" İran üçün belə bir itki həm siyasi, həm də psixoloji təsir yaradır. Bu, qərarvermə prosesinə təsir etməklə yanaşı, cavab addımlarının qaçılmaz olmasına gətirib çıxarır. Nəticədə tərəflər arasında gərginlik daha da artır və qarşılıqlı addımlar zəncirvari xarakter alır. Bu hadisə göstərir ki, tərəflər artıq daha açıq və sistemli qarşıdurma mərhələsinə yaxınlaşır. Qısa müddətdə bu cür addımlar taktiki üstünlük yaratsa da, uzun müddətdə qarşıdurmanın daha geniş miqyas alması ehtimalını artırır.
Bu baxımdan, hərbi və strateji hesablamalarla yanaşı, gərginliyin idarə olunması və alternativ yolların açıq saxlanması mühüm əhəmiyyət kəsb edir. Çünki qarşılıqlı addımların intensivləşməsi regionda daha mürəkkəb və idarəolunması çətin vəziyyət yarada bilər".
Zeynəb Mustafazadə