Altıncı ildir ki, Azərbaycan Prezidenti Novruz bayramını Qarabağda qeyd edir- ÖZƏL
11:51 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Artıq altıncı ildir ki, Azərbaycan Prezidenti Novruz bayramını Qarabağda qeyd edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış Qarabağ 6 il öncə- şanlı Zəfərdən sonra quruculuq və bərpa mərhələsinə qədəm qoydu. Keçən 6 il müddətdə işğaldan azad olunan ərazilərimiz Azərbaycan Prezidentin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən 6 ildə 75 mindən çox vətəndaşımız Qarabağda yaşayaraq işləməyə və təhsil almağa başladılar. Həmin müddətdə sadəcə dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək.
Son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın keçmiş məcburi köçkün daimi olaraq məskunlaşıb. Bu 7200-dən çox ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya yaxın müddətdə, isə 3 mindən çox keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu yalnız bu ilin ilk 2 ayında keçmiş məcbru koçkünlərimizin dövlət tərəfindən 700-dən çox evlə təmin edilməsi deməkdir.
Yaxın illərdə 15 milyard manata yaxın yeni dəyər formalaşdırmaq potensialı olan Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməkdədir".