İranın din adı altında etdikləri: Bakının addımı nə olmalıdır?

Azərbaycanda xarici qüvvələrin, xüsusilə İranın dini təsirinin qarşısını almaq üçün müxtəlif yanaşmalar müzakirə olunur. Müəyyən bir təbəqə hesab edir ki, bu sahədə effektiv addımlar arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini gücləndirmək və dini savadlılığı artırmaq əsasdır. Bəzilərinin fikrincə, mediada balanslı tənqidi ritorikanın tətbiqi və gənclərin maarifləndirilməsi bu təsirlərin qarşısını almaqda mühüm rol oynaya bilər.

Globalinfo.az-a danışan ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, ən vacib məsələlərdən biri geniş təbliğat və maarifləndirmə işinin aparılmasıdır:

"Bu sahədə real nəticələr əldə etmək üçün maarifləndirməyə xüsusi önəm verilməli və sistemli yanaşma təmin olunmalıdır. Bu addımlar atılmadan ciddi nailiyyət əldə etmək çətindir. Din ideoloji sahə olmaqla, cəmiyyətin daim diqqət göstərdiyi həssas mövzulardandır. Məhz bu səbəbdən proseslərin qarşısını almaq və onları düzgün istiqamətləndirmək üçün geniş təbliğat tədbirləri həyata keçirilməlidir".

Deputat bildirib ki, ölkədə ardıcıl və məqsədyönlü məlumatlandırma işlərinin gücləndirilməsi bu sahənin tənzimlənməsinə imkan verə bilər:

"Siyasi müxalifətin "dirçəldilməsi" birbaşa dini təsirin azaldılması aləti deyil. Bu, daha çox ümumi siyasi sistemin inkişafı ilə bağlıdır və dolayısı ilə ictimai müzakirə mühitini genişləndirə bilər. Milliyyətçi gəncliyin aktivləşdirilməsi müəyyən hallarda mümkün olsa da, bu yanaşma risklidir. Çünki həddindən artıq ideoloji yönləndirmənin cəmiyyətdə qütbləşmə yaratma imkanı var. Ona görə də ümumilikdə, məsələnin əsasını məhz maarifləndirmə təşkil edir. Bu istiqamətdə effektiv fəaliyyət göstərildiyi təqdirdə, xarici mənbələrdən gələn dini təsirlərin qarşısının alınmasında əhəmiyyətli nəticələr əldə etmək mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31