Humanitar yardım, yoxsa siyasi jest? – Bakının Tehranla "təmkinli normallaşma" xətti – ÖZƏL

"Humanitar yardım diplomatiyanın dərin danışan dili kimi xarakterizə oluna bilər. Prezident İlham Əliyev ilə Prezident Məsud Pezeşkian arasında baş tutan telefon danışığından dərhal sonra həyata keçirilən huminitar yardımlar siyasi jestdən daha artıqdır və özündə qonşuluq, xeyirxahlıq və bu kimi bir sıra digər məziyyətləri birləşdirir".

Bu sözləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Türkoloqun sözlərinə görə, Azərbaycan bununla göstərir ki, bölgədə gərginliklər, tarixi incikliklər və fikir ayrılıqları mövcud olsa belə, humanitar məsuliyyət prinsipi dəyişməz qalır. Qonşu zəifləyəndə sevinmək yox, yardım əlini uzatmaq Bakının dövlətçilik etikasıdır. Özəlliklə Novruz və Ramazan bayramları ərəfəsində göndərilən sovqatlar mədəni-mənəvi kodlara malikdir. İkincisi, bu addım münasibətlərin "sıfır nöqtəsi"ndən üstün, "təmkinli normallaşma xətti"ndən davam etdirilməsini göstərir. Yəni Bakı qarşı tərəfə açıq deyir: "Biz sayğı üzərində qurulan münasibətlər modelinə hazırıq - amma bu model, əlbəttə, qarşılıqlı olmalıdır."

Ekspert bildirib ki, regional kontekstdə isə bu yardım daha incə bir siqnaldır: Azərbaycan özünü yalnız geosiyasi oyunçu kimi tanıgmır, həm də humanitar və mənəvi mərkəz kimi təqdim edir. Bu, "yumşaq güc"ün klassik örnəyidir - söhbət, sərhədləri keçən, amma təsiri dərin olan gücdən gedir...
Qısası, 82 tonluq yardım, əslində, çəkisi ilə yox, anlamı ilə "çəkilməli", parametrləşdirilməli, qavranmalıdır; bu, gərginlik içində dialoq və münasibətlərin yenidən tərtibi üçün açılmış bir pəncərə də sayıla bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31