82 ton yardım, böyük mesaj: Bakı regionda hansı mövqeyi nümayiş etdirir?- ÖZƏL 

İlham Əliyev və Məsud Pezeşkian arasında martın 8-də keçirilən telefon danışığından sonra,  Azərbaycan İrana növbəti humanitar yardım göndərir. Yardımın ümumi həcmi 82 ton təşkil edir və buraya ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Yük 5 TIR vasitəsilə çatdırılır. Novruz ərəfəsi nəzərə alınaraq, yardım paketinə bayram sovqatları da əlavə edilib.

Azərbaycan-İran münasibətlərində bu humanitar yardım hansı siyasi və diplomatik mesajı verir? Regional gərginlik fonunda bu addım iki ölkə arasında münasibətlərin gələcək inkişafına necə təsir edə bilər?

Mövzu ilə bağlı politoloq Sultan Zahidov Olaylar.az-a açıqlama verib: 
" Bilirsiniz, bu yardımlar Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Region dövlətlərinin, qonşu dövlətlərinin, eləcə də digər regionlardakı ölkələrin böhranlarında, çətin vəziyyətlərində onlara dəstək olmaq, dayaq olmaq mühüm yer tutur. İstər 6 əvvəl Livana göndərdiyimiz humanitar yardım, istər 2024-cü ildə Suriyaya göndərilən yardım, istər Türkiyəyə 2023-cü ildə zəlzələ zamanı göstərdiyimiz dəstək , istərsə də  Ukraynaya edilən humanitar yardımlar bunu açıq şəkildə göstərir. Bu fakt onu göstərir ki, humanitar yardım Azərbaycanın xarici siyasətində aparıcı xətlərdən biridir. Çünki ilk növbədə bu, insanlıqdan, bəşəri dəyərlərdən irəli gələn bir yanaşmadır- çətin vəziyyətdə olan dövlətlərin yanında olmaq. Digər tərəfdən isə Azərbaycan bununla bütün tərəfdaşlarla bərabər səviyyədə normal münasibətlər qurmaq və bu münasibətləri inkişaf etdirmək istəyində olduğunu nümayiş etdirir. Bu da ölkənin çoxvektorlu və balanslı xarici siyasətinin bir nümunəsidir.
Bilirsiniz ki, Azərbaycan baş verən hadisədən sonra İran tərəfindən olan hücumu kəskin şəkildə qınadı və bununla bağlı qarşı tərəfdən izahat verilməsini, həmçinin məsul şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Amma eyni zamanda biz qonşu ölkə kimi İrandakı problemlərə və vəziyyətə humanitar baxımdan biganə qala bilməzdik. Bu, Azərbaycanın bəşəri dəyərləri rəhbər tutaraq həyata keçirdiyi siyasətin bir əksidir. Bizim İranla bağlı mövqeyimiz həmişə bundan ibarət olub ki, Azərbaycan hər bir qonşu ölkə ilə münasibətlərin müsbət dinamikasında maraqlıdır. İranla bizim iqtisadi, siyasi əlaqələrimiz var, nəqliyyat və logistika sahəsində ciddi əməkdaşlığımız mövcuddur və bu əməkdaşlıqdan hər iki tərəf faydalanır. Ona görə Azərbaycan heç bir halda bu münasibətlərin mənfi istiqamətə yönəlməsində maraqlı deyil və əksinə, bu münasibətləri daha da inkişaf etdirmək istəyir. Burada əsas məsələlərdən biri də İranın konstruktiv addımlar atmasıdır. Digər tərəfdən, bu humanitar yardım bir daha onu göstərir və mesaj verir ki, Azərbaycan regionda baş verən proseslərdə eskalasiyanın bir hissəsi olmaq istəmir. Bu mövqeni biz dəfələrlə bildirmişik-biz eskalasiyanın tərəfdarı deyilik və Azərbaycan ərazisinin heç bir halda digər ölkəyə qarşı istifadə olunmasına yol verilə bilməz.Bu, bizim xarici siyasət ritorikamıza ziddir. Biz hər bir qonşu ölkədə, o cümlədən İranda sabitliyin təmin olunmasında və bütün münaqişələrin, məsələlərin diplomatik yollarla həllində maraqlıyıq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31