Ərazilərimizi güc vasitəsilə azad etdik, sülhə isə siyasi yollarla nail olduq- ÖZƏL

"Azərbaycan artıq uzun illərdir ki, dünya siyasi arenasının mühüm intellektual və diplomatik mərkəzlərindən birinə çevrilmişdir. 12 mart 2026-cı il tarixində paytaxt Bakıda öz işinə başlayan "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu bu missiyanın növbəti parlaq təzahürü oldu. Forumun açılış mərasimində geniş və proqram xarakterli nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm regionun gələcəyi, həm də qlobal təhlükəsizlik arxitekturası ilə bağlı mühüm mesajlar verdi". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Dövlət başçısının çıxışı müasir dövrün çağırışlarına cavab verən, hərbi zəfərin diplomatik uğurla necə tamamlandığını göstərən mükəmməl bir strateji analiz idi. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Bu, sadəcə bəyanat deyil, ölkəmizin onilliklər boyu apardığı siyasətin təməl daşıdır. Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada sabitliyi qorumaq, işğal faktorunu aradan qaldırmaq və milli maraqları müdafiə etmək Azərbaycan dövlətinin əsas hədəfi olmuşdur. Dövlət başçısı qeyd etdi ki, əgər regionda təhlükəsizlik təmin olunmasa, nə iqtisadi inkişafdan, nə də beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilər. Azərbaycanın bu sahədəki qətiyyəti regionun gələcək taleyini müəyyən edən əsas amildir. Bu kontekstdə, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq.

Prezidentin bu fikri beynəlxalq hüququn tətbiqi mexanizmlərinin işləmədiyi bir dövrdə "güc amili" və "haqlı tərəf" balansının necə qurulmasına dair dərslik mahiyyətindədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini hərbi-siyasi yolla özü icra etdi. Lakin hərbi qələbədən dərhal sonra Bakının Ermənistana sülh əli uzatması, məsələnin siyasi müstəvidə həllinə sadiqliyini göstərir. Xüsusilə diqqət çəkən məqamlardan biri vasitəçilik institutuna münasibət oldu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda - heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31