Tehranın "ağır itkisi": Laricaninin ölümündən sonra İranı nə gözləyir? – ÖZƏL

Şakir Ağayev: "Laricaninin ölümü rejimi çökdürməsə də, idarəetmə üçün ciddi itkidir".

İsrailin müdafiə naziri İsrael Katz "Kanal 12" telekanalına açıqlamasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib. Nazirin sözlərinə görə, Laricani İsrail hərbi hava qüvvələrinin gecə saatlarında İrana endirdiyi zərbələr nəticəsində həlak olub.

İranın milli təhlükəsizlik iyerarxiyasında mühüm fiqur olan Laricaninin itkisi Tehranın regional qərarlarına necə təsir edəcək? İran ölkənin əsas fiqurlarını ardıcıl olaraq itirir. Bundan sonra nələr gözlənilir?

"İranın Milli Təhlükəsizlik Şurasının katibi Ləricaninin öldürülməsi, sözsüz ki, indiki İran hakimiyyəti üçün ağır hadisələrdən biridir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Ləricani ailəsi İranda böyük nüfuza malikdir və ölkənin siyasi həyatında mühüm rol oynayır. Hətta bu ailə müəyyən mənada ABŞ-dəki Kennedi ailəsi ilə müqayisə olunur. Mövcud sistemin idarə olunmasında, xüsusilə də Əli Xameneinin ölümündən və ya aradan götürülməsindən sonra Ləricani kimi fiqurların rolu daha da ön plana çıxırdı. Onun ölümündən əvvəl də Xamenei bir sıra səlahiyyətləri və idarəetmə ilə bağlı tapşırıqları Ləricaniyə həvalə etmişdi. Bu baxımdan, onun öldürülməsi İranın mövcud idarəetmə sistemi üçün ciddi itkidir. Eyni zamanda bu hadisə digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin də tam təmin olunmadığını göstərir.

Ekspertin fikrincə, Ləricaninin öldürülməsi Benjamin Netanyahu və ya ABŞ-nin düşündüyü kimi sistemi dərhal çökdürməyəcək. Məsələn, Netanyahunun çıxışında qeyd olunduğu kimi, "Ləricani öldü, xalq ayağa qalxmalıdır" çağırışı səsləndirilsə də, əgər Xamenei kimi daha böyük fiqurun ölümü belə xalqın kütləvi reaksiyasına səbəb olmayıbsa, Ləricaninin ölümündən sonra da belə bir reaksiyanın olması real görünmür. Əksinə, mövcud rejim bu hadisədən istifadə edərək xalqı intiqam hissi ətrafında səfərbər etməyə çalışacaq, yeni şüarlar və ideoloji çağırışlar irəli sürəcək. İran rəsmiləri artıq bildirirlər ki, Ləricaninin qisası alınacaq və ölkə mübarizəni davam etdirəcək.

"Burada bir məqam da var: Ləricani siyasi fiqur kimi daha çox mülki idarəetməni təmsil edirdi. Halbuki İranın real güc strukturlarında əsas rol SEPAH-a məxsusdur. Xüsusilə hərbi planlaşdırma və ABŞ ilə mümkün qarşıdurma məsələlərində əsas qərarverici qüvvə məhz SEPAH-dır. Bu səbəbdən, sistem daxilində SEPAH-ın mövqeyi dəyişmədiyi müddətdə ümumi kursun dəyişməsi də gözlənilmir. Hadisələrin bu istiqamətdə davam edəcəyi ehtimal olunur. Yaxın dövrdə proseslərin necə inkişaf edəcəyini gözləmək lazımdır. Çünki Ləricaninin ölümündən sonra İranın ABŞ qarşısında irəli sürdüyü şərtlər dəyişməyib. Onlar hələ də mübarizəni davam etdirmək niyyətində olduqlarını bildirir, əvvəlki tələblərini - o cümlədən təzminat və ABŞ-nin bölgədən çəkilməsi kimi şərtləri saxlayırlar. Bu şərtlər dəyişmədiyi üçün, hələlik bu hadisənin münaqişənin ümumi gedişatına ciddi təsir edəcəyi gözlənilmir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31