Siyasi maska altında gizlənən təhlükəli ittifaqlar ifşa olunur - MİLLİ TƏHLÜKƏSİZLİK QIRMIZI XƏTTDİR

"Azərbaycan Respublikasında dövlətçilik prinsipi dəyişməzdir: Hakimiyyət yalnız Konstitusiya və xalqın iradəsi əsasında formalaşır. Bu çərçivədən kənarda qurulan hər hansı gizli mexanizm, qeyri-şəffaf siyasi ittifaq və ya paralel təsir şəbəkəsi artıq siyasi fəaliyyət deyil, təhlükəsizlik məsələsidir."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə bildirib.
Ə.Məhərrəmzadə qeyd edib ki, dövlətin suverenliyi, konstitusion quruluşun toxunulmazlığı və milli təhlükəsizliyin qorunması hüquqi sistemin əsas prioritetlərindəndir: "Bu prinsiplərə zidd hər hansı fəaliyyət siyasi polemika predmetindən çıxaraq cinayət-hüquqi qiymətləndirmə predmetinə çevrilməlidir və çevrilir də."

Deputat qeyd edib ki, son dövrdə ictimaiyyətə açıqlanan faktlar təkcə ayrı-ayrı şəxslərin məsuliyyəti məsələsi deyil: "Bu, bütövlükdə dövlətçiliyə qarşı uzun illər ərzində qurulmuş paralel təsir mexanizmlərinin ifşasıdır. Haqqında dövlətə xəyanət ittihamı ilə cinayət işi açılmış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli və "Milli Şura" çevrəsində təmsil olunan Cəmil Həsənli ilə bağlı səsləndirilən koordinasiya iddiaları məhz bu kontekstdə qiymətləndirilməlidir. Burada məsələ şəxslərin siyasi mövqeyi deyil, iddia olunan əlaqələrin mahiyyətidir. Əgər sabiq yüksək vəzifəli dövlət rəsmisi ilə radikal siyasi düşərgə arasında gizli mexanizmlər formalaşdırılıbsa və bu mexanizmlər seçki proseslərinə, ictimai sabitliyə və ya xarici siyasət kursuna təsir məqsədi daşıyıbsa, bu, dövlət idarəçiliyində paralel təsir modelinin mövcudluğu anlamına gələ bilər. Paralel loyallıq və ya gizli siyasi ittifaq isə hüquqi baxımdan köklü araşdırma tələb edir."

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, dünya təcrübəsində də aydın müşahidə olunur ki, siyasi mübarizə açıq aparılır: "Qapalı koordinasiya isə siyasi rəqabət deyil, sistemə müdaxilə cəhdidir. Uzun illər ardıcıl seçki məğlubiyyətləri yaşayan radikal düşərgənin legitim sosial dayaqlardan məhrum olduğu faktdır. Belə şəraitdə qeyri-legitim mexanizmlər axtarmaq cəhdləri təkcə hüquqi məsuliyyət doğuran hal yox, həm də dövlətinə və xalqına xəyanət anlamına gəlir. Düzdür, "Dövlətə xəyanət" ittihamı yalnız məhkəmə hökmü ilə təsbit edilə bilər. Lakin dövlətə sədaqət prinsipi siyasi fəaliyyətin fundamental şərtidir və bu prinsipin pozulması ilə bağlı istənilən şübhə belə hüquqi araşdırma predmeti olmalıdır.
Burada əsas prinsip dəyişməzdir: Dövlət strukturlarında vəzifə tutmuş şəxsin paralel siyasi ittifaq qurmaq, siyasi partiyanın gizli təsir mexanizmlərinə söykənmək haqqları yoxdur. Heç bir siyasi ambisiya dövlət təhlükəsizliyindən üstün ola bilməz. Əgər səsləndirilən iddialar sübuta yetirilərsə, məsuliyyət qaçılmaz olacaq. Əks halda isə hüquqi prosedur nəticəni müəyyən etməlidir."

Əlibala Məhərrəmzadə vurğulayıb ki, Azərbaycan dövləti kifayət qədər güclüdür: "Kölgə koordinasiyaları, gizli ittifaqlar və paralel loyallıq modelləri bu dövlətin institusional dayaqlarını sarsıda bilməz. Siyasi mübarizə qanun çərçivəsində aparılır. Qanundan kənar yol isə artıq siyasi seçim deyil, hüquqi riskdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31