Trampın İrana qarşı "enerji qumarı": Bahalaşma təhlükəsizlik üçün "kiçik bədəldir" ÖZƏL
12:43 SiyasətABŞ Prezidenti Donald Tramp, ölkə daxilindəki etirazlara və enerji daşıyıcılarının qiymətindəki kəskin artıma baxmayaraq, İsrail ilə İrana qarşı birgə əməliyyatın uğuruna əminliyini ifadə edir.
Olaylar.az xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, ağ ev rəhbəri neftin bahalaşmasını ABŞ-nin və dünyanın təhlükəsizliyi üçün ödənilən "kiçik bədəl" adlandırıb.
Ekspertlər Trampın bu arxayınlığını iqtisadiyyatın gözlənilməz sabitliyi ilə əlaqələndirirlər. S&P 500 indeksi rekord həddə yaxın qalmaqda davam edir. 1973-cü il böhranı ilə müqayisədə ABŞ hazırda idxaldan daha az asılıdır. Daxili hasilat artıb, təbii qazın payı isə 30%-dən 36%-ə yüksəlib. Daxili imkanlar zərbəni yumşaltsa da, qlobal bazarın diktə etdiyi qiymət artımı artıq amerikalı istehlakçıların cibinə təsir etməyə başlayıb.
İqtisadi göstəricilər sabit olsa da, İrana qarşı hərbi əməliyyatlar Amerika cəmiyyətində rəğbət qazanmır. Sorğular göstərir ki, iqtisadi nəticələr və yanacaq bahalaşması Trampın reytinqinə mənfi təsir edir. Nəşrin qənaətinə görə, məhz artan daxili narazılıq Trampın hərbi ambisiyaları qarşısında ən ciddi maneəyə çevrilə bilər.