“Bunu İranda tətbiq edə bilmədilər” – İran əsgərləri qaçır?
08:03 Siyasət"Iran International" telekanalının əldə etdiyi kəşfiyyat məlumatlarına görə, İranın bir çox hərbi hissələrində nizam-intizam tamamilə pozulub və orduda xidmət edənlər postlarını tərk edərək qaçırlar. Məlumata görə, yalnız bir polis bölməsində 350-dən çox əməkdaş xidmətdən imtina edib, bəzi hərbi hissələrdə isə şəxsi heyətin çatışmazlığı 90%-ə çatıb.
SEPAH yaranmış kəskin kadr qıtlığını aradan qaldırmaq üçün ən radikal üsullara əl atır: təqaüddə olan hərbçilər məcburi şəkildə xidmətə geri çağırılır, həbsxanalardakı məhbuslara isə əməkdaşlıq müqabilində amnistiya vəd olunur.
Vəziyyətin İran hərbi hava qüvvələrində (HHQ) daha kritik olduğu deyilir. Bildirilir ki, pilotların böyük bir qismi döyüş uçuşları həyata keçirməkdən qəti şəkildə imtina ediblər.
Xəbərdə həmçinin qeyd olunur ki, bir sıra şəhərlərdə SEPAH obyektlərinə endirilən sarsıdıcı zərbələrdən sonra dinc sakinlər silah anbarlarına daxil olaraq kütləvi şəkildə silahlanırlar.
Bu xəbərlər doğrudursa, İran üçün nə vəd edir?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, İran ideoloji dövlətdir, burada insanlar qəlbən və səmimiyyətlə dövlətin həyata keçirdiyi siyasətə inanırlar, dini inanclar dövlətin əsasını təşkil edir. Ona görə də hər hansı strukturda mənəvi düşkünlük və fərarilik hallarının olması barədə deyilənlər inandırıcı təsir bağışlamır: "İnsanlar inanclarına söykənərək düşmənlə mübarizəni qismətləri hesab edirlər. Bu yolda öldükləri halda cənnətə düşəcəklərinə inanırlar.
Çox güman ki, bu cür məlumatlar İrana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Çünki ABŞ və İsrailin uzun illər apardığı məqsədyönlü fəaliyyətə baxmayaraq İran hakimiyyəti içərisində müxalifət və iqtidarı satmağa hazır olan kimsəni ortaya çıxara bilmədi. İraq, Suriya, Liviya və s. ölkələrə qarşı hərbi əməliyyatlar başlayan kimi daxildən ayağa qalxan qüvvələr hakimiyyəti yıxdı. Lakin bunu İranda tətbq edə bilmədilər. Əksinə, xalq meydanlara axışaraq hakimiyyəti müdafiə edir, düşmənə nifrətini bildirir".
Siyasətçinin sözlərinə görə, İranda insanların beyni elə doldurulub ki, hər bir şəxs ABŞ və İsrail üçün potensial təhlükədir. Çünki istənilən vaxt fürsət düşən kimi onlardan qisas almağa çalışacaqlar.