İranla müharibə tezliklə bitməsə, görün nələr olacaq – Qorxunc PROQNOZ

Yaxın Şərqdə artan gərginliyin qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlıqlar güclənir. ABŞ-İsrail-İran arasında mümkün qarşıdurmanın enerji qiymətlərini artıraraq inflyasiya və bahalaşma dalğasına səbəb ola biləcəyi ehtimal olunur.

Bu ssenari nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, enerji daşıyıcılarının qiymətləri bütün seqmentlər üzrə artım nümayiş etdirir:

"Bu artım həm xam neft, həm təbii qaz, həm də neft məhsullarında müşahidə olunur. Müharibə başlamazdan bir gün əvvəl London birjasında "Brent" markalı neftin qiyməti 72,48 dollar səviyyəsində bağlanmışdısa, hazırda bu göstərici 104 dollar ətrafında ticarət olunur. Beləliklə, xam neftin qiyməti təxminən 43 faiz artıb. ABŞ bazarında neft məhsullarının, xüsusilə yanacağın qiyməti 27 faiz yüksəlib. Avropa bazarında artım nisbətən aşağı, təxminən 20 faiz civarındadır. Qaz bazarında isə daha kəskin artım qeydə alınıb. Belə ki, fevralın 27-də Avropada 378 dollar olan qiymət hazırda 621 dollara çatıb. Enerji qiymətlərindəki bu artım ümumi iqtisadiyyata ciddi mənfi təsir göstərir. Çünki enerji bütün mal və xidmətlərin istehsalı, eləcə də daşınmasında əsas rol oynayır. Nəticədə yaranan əlavə xərclər inflyasiyanı sürətləndirir".

Ekspert qeyd edib ki, inflyasiyanın yüksəlməsi məhsulların əlçatanlığını azaldır, alıcılıq qabiliyyətini zəiflədir və satış həcmlərinin azalmasına səbəb olur:

"Bu kontekstdə Prezident İlham Əliyevin XIII Qlobal Bakı Humanitar Forumunda səsləndirdiyi "enerji qiymətlərinin artımı istehsalçı ölkələr üçün yalnız müsbət nəticələr doğurmur" fikri diqqətəlayiqdir. Yəni gəlirlər artsa da, idxaldan asılı sahələrdə xərclər də yüksəlir. Bundan əlavə, qlobal iqtisadiyyatın zəifləməsi və müharibələrin davam etməsi maliyyə resurslarının sosial rifahdan hərbi xərclərə yönəlməsinə səbəb olur. Bu isə əlavə dəyər yaratmayan sahələrə vəsait axını deməkdir. Hətta müharibə qısa müddətdə başa çatsa belə, iqtisadi sabitliyin bərpası illər tələb edə bilər. Bunu həm Rusiya-Ukrayna müharibəsinin, həm də pandemiya dövrünün nəticələri açıq şəkildə nümayiş etdirdi. Nəticə etibarilə, enerji inflyasiyası iqtisadi artıma mənfi təsir göstərir və Azərbaycan da qlobal iqtisadiyyatın bir hissəsi kimi bu təsirləri hiss edir. Ötən il ölkə xarici ticarət dövriyyəsini profisitlə başa vursa da, cari ildə göstəricilərin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir".

İqtisadçı Natiq Cəfərli bildirib ki, regiondakı gərginlik artıq iqtisadi fəsadlar yaradır:

"Enerji daşıyıcılarının qiymətinin artması yalnız benzinin bahalaşması ilə məhdudlaşmır. Bu proses logistika və daşınma xərclərini də artırır. Nəticədə qlobal miqyasda inflyasiya dalğasının gücləndiyi müşahidə olunur. Əsas sual bu vəziyyətin nə qədər davam edəcəyidir. Əgər gərginlik qısa müddətdə, bir neçə həftə ərzində səngiyər və bazarlar sürətlə normallaşma mərhələsinə keçərsə, itkilər nisbətən məhdud olacaq. Lakin proses uzanarsa, dünya iqtisadiyyatında yeni böhran dalğalarının yaranması ehtimalı artacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31