İsrailin gecə zərbələrində 300-ə yaxın "Bəsic" üzvü öldürülüb - KİV

Ötən gecə ərzində İsrail ordusunun İrana endirdiyi zərbələr nəticəsində "Bəsic" təşkilatının (milis qüvvələri) 300-ə yaxın üzvü öldürülüb.

Trend xəbər verir ki, bunu "Iran İnternational" nəşri yazır.

Londonda mərkəzləşmiş nəşrin yazdığına görə, zərbələr İranda müxtəlif komanda və logistika mərkəzlərinə tuş gəlib. Eyni zamanda hədəfə alınan obyektlər arasında "Bəsic" qüvvələrinə aid yüzlərlə xidməti maşının saxlanıldığı dayanacağın da yer aldığı bildirilir. Nəşr "Bəsic" qüvvələrinin İrandakı etiraz aksiyalarının yatırılmasında əsas rol oynadığını xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31