İran liderinin Rusiyaya aparılması iddiası: Region üçün hansı mesaj verilir? ÖZƏL

Kremlin sözçüsü Dmitri Peskov İranın yeni ali lideri olduğu iddia edilən Müctəba Xameneinin guya yaralandıqdan sonra gizli şəkildə Rusiyaya aparılaraq müalicə alması barədə xəbərləri şərh etməyib.
Məlumat əsasən Küveytin Al-Jarida nəşrinə istinadən yayılıb. İddialara görə, Xamenei hərbi təyyarə ilə Rusiyaya gətirilərək əməliyyat olunub. Lakin aparıcı beynəlxalq media və agentliklər bu məlumatı hələlik müstəqil şəkildə təsdiqləməyib.
Bildirilir ki, Kremlin İran rəhbərliyi ilə daimi əlaqədə olması təsdiqlənsə də, Xameneinin Rusiyada müalicə alması barədə rəsmi açıqlama yoxdur.

Bu cür təsdiqlənməmiş məlumatların yayılması İran və Rusiya münasibətlərinə və regiondakı siyasi balanslara necə təsir göstərə bilər? Əgər belə bir hadisə doğrudan da baş veribsə , bunun regional təhlükəsizlik və İranın daxili siyasi vəziyyəti üçün hansı nəticələri ola bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" İranın yeni liderinin yaralandığı və Rusiyaya aparılması ilə bağlı iddialar getdikcə daha çox səslənməkdədir və İran tərəfindən də onun yaralandığı ilə bağlı məlumatlar təsdiq edilib. Amma onun Rusiyaya aparılması və orada müalicə olunması ilə bağlı iddialar hələlik rəsmi səviyyədə təsdiqlənmir. Lakin görünən odur ki, bu iddialar getdikcə həqiqətə uyğun kimi görünməyə başlayır.
Belə ki, Peskovun dünənki açıqlaması da müəyyən qədər fikir çaşqınlığı və qeyri-müəyyənlik yaratmaq niyyəti güdür və eyni zamanda bu məlumatın həqiqiliyi ilə bağlı iddiaları da müəyyən qədər gücləndirir.
Yeni liderin yaralanması və onun Rusiyaya aparılması məsələsinə gəldikdə isə, bu, İranın özündə təhlükəsizliklə bağlı problemlərin açıq qaldığını göstərir və Rusiyanın İran üzərində təsirinin müəyyən qədər artmasına gətirib çıxara bilər. Bu, həm İran, həm də Rusiya üçün müəyyən mənada qarşılıqlı asılılığın artmasına və onların arasındakı münasibətlərin daha da güclənməsinə səbəb ola biləcək bir məsələ kimi nəzərdən keçirilməlidir.
Rusiya-İran tandeminin bölgədə güclənməsi isə, xüsusilə də Cənubi Qafqazda, açıq desək, çox da müsbət bir məqam kimi qiymətləndirilə bilməz. Çünki bu ölkələr uzun müddət erməni separatizminə dəstək veriblər və bölgədə sülhün və əmin-amanlığın bərpa olunmasında maraqlı olmayıblar. Bu gün də onların əsas marağı məhz bu gərginlik üzərindən bölgədə öz mövqelərini gücləndirməkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31