Azərbaycan regional təhlükəsizliyə xüsusi diqqət yetirir- ÖZƏL

"Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu olduqca əhəmiyyətlidir. Xüsusi ilə də indiki mürəkkəb və çətin dövrdə bu platformada  müzakirə olunan məsələlər, edilən tövsiyələr, səslənən təkliflər sülh və təhlükəsizliyin təmin edilməsi baxımından önəmli rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev deyib: "Regional təhlükəsizlik hər bir dövlətin müstəqilliyini, suverenliyini və davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Xüsusilə mürəkkəb geosiyasi bölgələrdə yerləşən ölkələr üçün təhlükəsizlik məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan da belə ölkələrdən biridir. Tarixən müxtəlif siyasi proseslərin və münaqişələrin təsiri altında olan bu regionda sabitliyin qorunması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Buna görə də regional təhlükəsizlik məsələsi Azərbaycanın daxili və xarici siyasətində hər zaman bir nömrəli prioritet kimi çıxış edib.

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm strateji bölgədə yerləşir. Bu mövqe ölkənin həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etməsinə səbəb olur. Enerji resurslarına malik olması, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi və müxtəlif dövlətlərin maraq dairəsində olması Azərbaycanın regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsini zəruri edir.

Regional təhlükəsizlik məsələsinin Azərbaycan üçün prioritet olmasının əsas səbəblərindən biri uzun illər davam edən Qarabağ münaqişəsi idi. Bu münaqişə nəticəsində ölkənin ərazi bütövlüyü pozulmuş və regionda ciddi siyasi gərginlik yaranmışdı. Bu vəziyyət Azərbaycan dövlətini həm hərbi, həm də diplomatik sahədə daha fəal və məqsədyönlü siyasət yürütməyə vadar etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31