Qarabağ və humanitar yardım: Paşinyanın sülh yolu Rusiyanı niyə narahat edir?- ÖZƏL

Mariya Zaxarova bildirib ki, Ermənistan "Rus humanitar missiyası", "Avrasiya" və "Rossotrudniçestvo" xətti ilə Qarabağı tərk etmiş ermənilərə göstərilən humanitar dəstəyin davam etdirilməsindən imtina edib. Onun sözlərinə görə, bu proqram 2025-ci ilin iyun-iyul aylarında erməni ictimai təşkilatlarının müraciətindən sonra başlanmışdı. Zaxarova vurğulayıb ki, Rusiya regiondakı insanları heç vaxt köməksiz qoymayıb və Ermənistanda yaşayan Qarabağ ermənilərinin taleyinə laqeyd qalmayıb. 
Ermənistanın Qarabağ ermənilərinə yönəlmiş Rusiya humanitar dəstəyindən imtina etməsi İrəvan-Moskva münasibətlərində hansı siyasi mesajı verir? Bu qərar regionda Rusiya təsirinin azalması və Ermənistanın yeni siyasi kursu ilə bağlı hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Rəsmi İrəvanın Rusiyanın Qarabağ ermənilərinə bəlli təşkilatlar vasitəsilə göndərdiyi humanitar yardımı qəbul etməkdən imtina etməsi Paşinyan iqtidarının Azərbaycanla münasibətlərdə yarana biləcək problemlərdən sığortalanmaq istəyindən irəli gəlir. Paşinyan Azərbaycanla münasibətlərin sülh müstəvisi üzərində genişləndirilməsində maraqlıdır. Bunu onun seçkilər ərəfəsində erməni cəmiyyətinə ünvanladığı müraciəti də təsdiq edir. Bu müraciətində Paşinyan Ermənistanın təhlükəsizliyi və tərəqqisi baxımından sülhün ölkəsinə nə qədər vacib və əhəmiyyətli olması ilə bağlı amillərə toxunur, özünün rəhbərlik etdiyi Mülki müqavilə partiyasını sülh, Qarabağ məsələsini gündəmdə saxlamaqla seçkilərə gedən müxalifətin bəlli partiyalarını müharibə partiyası adlandırır və müharibədən usanan, çəkinən erməni cəmiyyətini ona dəstək olmağa çağırmaqla sülhə səs vermələrinə çağırır. Yəqin buna görədir ki, Qarabağ adını çəkən blogerlər belə Ermənistanda ölkənin milli maraqlarının əleyhinə olanlar kimi həbs edilir, onların bu yöndə fəaliyyətinin qarşısı dərhal alınır. Azərbaycanla iqtisadi ticari münasibətlərin Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyinin mahiyyətinə Paşinyan təbii ki, varır, Azərbaycan üzərindən yükdaşınmaların Ermənistan iqtisadiyyatı üçün əhəmiyyətinin fərqinə varır, növbəti müharibənin Ermənistanı dövlət olaraq dalana dirəcəyini anlayır. Bir sözlə Azərbaycanla münasibətlərin hazırkı durumu bu ilin iyununda seçkilərə gedən Paşinyan iqtidarı üçün ciddi əhəmiyyət kəsb edir.
Ermənistanda hakimiyyət məsələsi Rusiya üçün onun Cənubi Qafqazla bağlı geosiyasi maraqları baxımından ciddi əhəmiyyət kəsb edir. Ermənistanda Dağlıq Qarabağdan olan ermənilərə humanitar dəstək göstərməklə Rusiya ilk əvvəl Qarabağdan olan və Ermənistanın vətəndaşlığını əldə etmiş seçicilər vasitəsilə seçkilərin gedişinə təsir etmək istəyir, bəllidir ki, Qarabağdan olan Ermənistan vətəndaşları Azərbaycanla müharibədə məğlubiyyətə görə Paşinyanı məsul bilir, onu günahlandırırlar. Bu baxımdan Rusiya onların seçkilərdə Paşinyana deyil, muxalifətə səs verəcəklərini düşünür. Digər tərəfdən Rusiya müxalifət və erməni kilsəsi vasitəsilə erməni cəmiyyətinə əvvəllər olduğu kimi bundan sonra da Rusiyanın Ermənistan dövlətinin təhlükəsizliyinin qarantı ola biləcəyi ilə bağlı ismariclərini çatdırır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31