Bakı artıq intellektual dialoqun mərkəzlərindən biri kimi qəbul olunur- ÖZƏL

"Qlobal Bakı Forumunun və bu tipli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi yalnız və yalnız yüksək qiymətləndirilə bilər. Qlobal Bakı Forumu artıq çoxdan nüfuzlu beynəlxalq tədbir olmaq çərçivəsini aşaraq, qlobal dialoq üçün mühüm siyasi platformaya çevrilib. Bu forum dünyanın müxtəlif ölkələrindən sabiq və hazırkı dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış ekspertləri və siyasətçiləri bir araya gətirir. Burada müzakirələr yalnız nəzəri müstəvidə deyil, real geosiyasi problemlərin həlli yolları üzərində qurulur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib:
"Belə tədbirlərin məhz Azərbaycanda keçirilməsi tamamilə qanunauyğundur. Çünki Azərbaycan ötən dövr ərzində beynəlxalq dialoq, sivilizasiyalararası əməkdaşlıq və qlobal məsələlərin müzakirəsi üçün etibarlı platforma kimi özünü təsdiqləyib. Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılışında qeyd etdiyi kimi, bu Forum çox nüfuzlu beynəlxalq tədbirdir. Cənab Prezident çıxışında bir çox aktual mövzulara toxunaraq regoional və beynəlxalq məsələləri geniş şərh etdi. 
Ölkəmiz daxili sabitliyi, praqmatik xarici siyasəti, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlığı ilə beynəlxalq aləmdə böyük etimad qazanıb. Bu səbəbdən Bakı artıq regional deyil, qlobal miqyaslı siyasi və intellektual dialoqun mühüm mərkəzlərindən biri kimi qəbul olunur. Bu forum illər ərzində çox yüksək səviyyəli iştirakçıları bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Burada dünyanın müxtəlif ölkələrinin sabiq prezidentləri və baş nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ekspertlər və ictimai xadimlər iştirak edir. Bu faktın özü artıq forumun beynəlxalq siyasi müzakirələr sistemində mühüm yer tutduğunu göstərir. Lakin forumun əhəmiyyətini yalnız iştirakçıların statusu müəyyən etmir. Burada müzakirə olunan mövzular da son dərəcə aktualdır: beynəlxalq təhlükəsizlik, qlobal idarəetmənin transformasiyası, enerji təhlükəsizliyi, regional münaqişələrin həlli, nəqliyyat və iqtisadi inteqrasiya məsələləri. Azərbaycan bu müzakirələrə yalnız müşahidəçi kimi deyil, həm də praktiki təcrübə təqdim edən dövlət kimi qatılır. Məhz bu amil Qlobal Bakı Forumunu məzmun baxımından da aparıcı qlobal platformalarla eyni səviyyəyə çıxarır.
Forumda müzakirə olunan "Keçid dövründə dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusu son dərəcə aktualdır. Çünki müasir dünya həqiqətən də mürəkkəb keçid mərhələsindən keçir. Beynəlxalq münasibətlər sistemi transformasiya olunur, yeni güc mərkəzləri formalaşır, qlobal təhlükəsizlik mühiti dəyişir. Bir tərəfdən çoxqütblülük güclənir, digər tərəfdən isə müxtəlif regionlarda münaqişələr və geosiyasi gərginliklər artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31