Regional sabitlik milli siyasətin əsas prioritetlərindən biridir- ÖZƏL

"XIII Qlobal Bakı Forumu beynəlxalq siyasət, təhlükəsizlik və qlobal əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət çəkir. "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunmuş forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq gündəliyə dair fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Hazırkı şəraitdə təhlükəsizlik və sabitlik məsələləri hər bir dövlət üçün əsas prioritetə çevrilib. Müasir dövrdə dünyada baş verən gərginliklər, yeni münaqişə ocaqlarının yaranması və qlobal risklərin artması təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. Bu baxımdan təhlükəsizlik və sabitlik olmadan iqtisadi inkişaf, sosial rifah və digər strateji hədəflər barədə danışmaq mümkün deyil.
Qlobal mühitdə baş verən dəyişikliklər göstərir ki, uzun illər ərzində inkişaf və iqtisadi tərəqqi naminə çalışan dövlətlər belə yeni təhlükələrlə üz-üzə qalırlar. Bu səbəbdən ölkələrin səylərini birləşdirərək təhlükəsizlik və sabitlik məsələlərinə xüsusi diqqət yetirməsi zəruridir. XIII Qlobal Bakı Forumunun gündəliyinin geniş olması da bu çağırışların müxtəlif aspektlərdə müzakirə olunmasına şərait yaradıb. Dövlətimizin başçısı çıxışında regional təhlükəsizlik məsələsinə də diqqət yetirib. Regional sabitlik və təhlükəsizlik hər zaman milli siyasətin əsas prioritetlərindən biri olub. Uzun illər davam edən münaqişə şəraiti regionda təhlükəsizlik mühitinin formalaşmasına ciddi maneələr yaratmışdı.
Təxminən 30 il ərzində ərazilərin işğal altında qalması və milyonlarla insanın doğma torpaqlarından didərgin düşməsi region üçün ağır nəticələr doğurmuşdu. Bu dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli həll yollarının tapılması istiqamətində müxtəlif səylər göstərilsə də, bir sıra beynəlxalq aktorların selektiv yanaşması münaqişənin uzun müddət həll olunmadan qalmasına səbəb olmuşdu. Bununla belə, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünün bərpası mümkün oldu. Bu proses uzun və mürəkkəb mərhələlərdən keçsə də, nəticədə suverenliyin bərpası regionda yeni siyasi reallıqların formalaşmasına gətirib çıxardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31