Fazil Mustafa Mixail Zabelini təbrik etdi
11:22 SiyasətAzərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komitənin üzvü, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelini 80 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:
"Hörmətli Mixail Yuryeviç,
Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Sizin həyat yolunuz Azərbaycan cəmiyyətinin çoxmillətli və multikultural mahiyyətini özündə əks etdirən nümunəvi ictimai-siyasi fəaliyyətlə zəngindir. Uzun illər Milli Məclisdə deputat kimi fəaliyyət göstərməyiniz, eyni zamanda Azərbaycanın Rus İcmasına rəhbərlik edərək ölkəmizdə millətlərarası anlaşma və qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə göstərdiyiniz xidmətlər təqdirəlayiqdir.
Azərbaycanın zəngin tolerantlıq ənənələrinin qorunması, müxtəlif etnik və dini icmalar arasında əməkdaşlığın təşviqi yönündə gördüyünüz işlər vətəndaş cəmiyyətinin inkişafına töhfə olmuşdur. Fəaliyyətiniz ölkəmizin multikultural dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən önəmli təşəbbüslərlə yadda qalmışdır.
Milli Məclis üzvü kimi göstərdiyiniz uzunmüddətli fəaliyyət, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının ifadəsi və ictimai proseslərə konstruktiv yanaşmanız Sizi ölkəmizin ictimai həyatında nüfuzlu siyasi və ictimai xadim kimi tanıtmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında "Şöhrət", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)", "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalları, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilməyiniz xidmətlərinizə dövlətin verdiyi yüksək qiymətin göstəricisidir.
Əminəm ki, təcrübəniz və ictimai nüfuzunuz bundan sonra da ölkəmizdə vətəndaş həmrəyliyinin, multikultural dəyərlərin möhkəmlənməsinə xidmət edəcəkdir.
Əlamətdar yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar diləyirəm"!