Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki... GİZLİ PLAN İFŞA OLDU
11:07 Siyasət"The New York Times" qəzetinin dərc etdiyi geniş təhqiqat materialı İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin seçilməsinin pərdəarxası məqamlarına işıq salıb.
Musavat.com xəbər verir ki, atası ayətullah Əli Xameneinin öldürülməsindən sonra Müctəbanın hakimiyyətə gəlişini təmin edən əsas qüvvə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "köhnə qvardiya"sı hesab olunan yüksək rütbəli komandirlər qrupu olub. ABŞ nəşrinin hesabatına görə, Müctəba Xameneinin seçilməsi üçün əsas lobbiçilik fəaliyyətini dörd kilit fiqur həyata keçirib:
Əhməd Vahidi: SEPAH-ın de-fakto baş komandanı;
Məhəmməd Əli Cəfəri: SEPAH-ın keçmiş baş komandanı;
Hüseyn Tayib: SEPAH kəşfiyyatının keçmiş rəhbəri;
Məhəmməd Baqer Qalibaf: Parlamentin spikeri və keçmiş SEPAH komandiri.
Bu qrup ABŞ və İsraillə sərt qarşıdurmanı davam etdirmək tərəfdarı olan "şahinlər" qanadını təmsil edir. Onların əsas məqsədi hakimiyyəti rejimin ən radikal hissəsinin əlində saxlamaq olub. Onlara qarşı isə prezident Məsud Pezeşkian və Əli Laricaninin rəhbərlik etdiyi mülayimlər düşərgəsi çıxış edib. Mülayimlər gərginliyi azaltmaq üçün Həsən Xomeyni və ya Həsən Ruhani kimi namizədləri irəli sürsələr də, hərbi elitanın təzyiqi qarşısında aciz qalıblar.
Xüsusilə Hüseyn Tayibin Ekspertlər Şurasının 88 üzvünün hər birinə şəxsən zəng edərək, Müctəbaya səs verməyi "dini və ideoloji borc" kimi təqdim etməsi seçkinin taleyini həll edib. Hətta Əli Xameneinin hakimiyyətin irsi ötürülməsinə qarşı çıxdığı iddia edilən vəsiyyətnaməsi də SEPAH-ın təzyiqini dayandıra bilməyib. Nəticədə, martın 8-də keçirilən təkrar səsvermədə Müctəba Xamenei 59 səs toplayaraq İranın yeni lideri elan edilib. Bu fakt göstərir ki, son illərdə endirilən nöqtə zərbələrinə baxmayaraq, SEPAH hələ də ölkənin idarəetmə rıçaqlarını möhkəm saxlayır.