Qərb siyasətçilərinin "coğrafiya savadsızlığı": Gerçəkdə nələr baş verir? – ÖZƏL
17:37 Siyasət"İstər ABŞ, istərsə də Avropa ölkələri olsun, bu dövlətlərin siyasətçilərinin və millət vəkillərinin, başqa sözlə desək, siyasi elitanın bütün nümayəndələrinin dünya ölkələrinin xəritədə yerləşməsini, həmin dövlətlərin siyasi sistemini, quruluşunu və ya dövlət rəhbərinin kim olduğunu bilməməsi bu ölkələrin siyasi sisteminin faciəsi və ya natamamlığı kimi qiymətləndirilməməlidir. Əksinə, demək olar ki, ABŞ-nin və Avropanın aparıcı ölkələrinin - Fransanın, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın və digər dövlətlərin Xarici İşlər nazirliklərinin əməkdaşları, eləcə də dövlət təhlükəsizliyi qurumlarının nümayəndələri müxtəlif ölkələr haqqında, o cümlədən İran barədə çox geniş və dəqiq məlumatlara malikdirlər. Hətta bəzən İranın özü üçün belə məlum olmayan mühüm məlumatlar onların ixtiyarında olur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu, həmin ölkələrdə mövcud olan və mediada da tez-tez qeyd olunan "dərin dövlət" anlayışı ilə bağlıdır. Məhz bu sistem daxilində fəaliyyət göstərən analitik və düşüncə mərkəzləri müəyyən ölkələr haqqında daha ətraflı və sistemli məlumatlar toplayır və təhlil edirlər. Həmin ölkələrdə regionlar üzrə ixtisaslaşmış mütəxəssislər - məsələn, iranşünas alimlər və ekspertlər fəaliyyət göstərir və onlar İran haqqında çox dərin və geniş bilgilərə malikdirlər. Buna görə də dövlətin mühüm strukturları tərəfindən hazırlanaraq parlamentə, hökumətə və ya digər dövlət qurumlarına təqdim edilən hesabatlar peşəkar mütəxəssislərin rəyləri və qiymətləndirmələri əsasında hazırlanır. Bu səbəbdən də ayrı-ayrı millət vəkillərinin və ya bəzi dövlət rəsmilərinin hər hansı ölkənin hansı qitədə yerləşdiyini, ərazisinin və ya əhalisinin nə qədər olduğunu, hətta dövlət başçısının kim olduğunu bilməməsi böyük bir qəbahət kimi qiymətləndirilməməlidir.
Ekspert qeyd edib ki, əsas məsələ ondan ibarətdir ki, bu ölkələrdə dünyanın müxtəlif regionları, xalqları və onların mental dəyərləri haqqında məlumatlar xüsusi mütəxəssislər tərəfindən toplanır və təhlil olunur. Bu sahədə çalışan ekspertlər həmin ölkələr barədə bəzən o ölkənin vətəndaşlarından və ya bəzi dövlət adamlarından daha geniş və sistemli bilgilərə malik olurlar. Avropa Parlamentində aparılan müzakirələr zamanı bəzi siyasətçilərin müəyyən məlumatlara malik olmaması da əslində bunu göstərir. Yəni bu hal həmin dövlətlərin siyasətində boşluq və ya çatışmazlıq olduğunu deyil, qərarların əsasən mütəxəssis hesabatları və analitik qiymətləndirmələr əsasında qəbul edildiyini göstərir.
Səidə Ramazanova