ABŞ-ın Hörmüz gözləntisi: NATO yalnız Avropanı müdafiə etməlidir, yoxsa qlobal alyansdır? - ÖZƏL
17:13 Siyasət"Donald Trampın NATO ölkələrindən Hörmüz boğazı ilə bağlı dəstək gözləməsi alyans daxilində məsuliyyət bölgüsü və strateji prioritetlər məsələsini yenidən gündəmə gətirir. Bu isə üzv ölkələr arasında müəyyən gərginliklərə səbəb ola bilər. Bunun əsas səbəbi ondan ibarətdir ki, NATO, ilk növbədə, Avro-Atlantik məkanının təhlükəsizliyini təmin edən bir alyansdır. Hörmüz boğazı isə Yaxın Şərq regionunda yerləşir və bu məsələ NATO-nun əsas müqavilə öhdəliklərinə birbaşa daxil deyil.
Bu səbəbdən bəzi Avropa ölkələri düşünə bilər ki, ABŞ alyansı öz geosiyasi maraqları üçün daha geniş şəkildə istifadə etmək istəyir. Avropa dövlətləri isə bir tərəfdən Ukraynaya dəstək verməklə yanaşı, digər tərəfdən regionda öz təhlükəsizliklərini gücləndirmək və yeni risklərdən yayınmaq barədə düşünürlər. Bu vəziyyət NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirə bilər".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bununla yanaşı, bəzi NATO ölkələrinin ABŞ-a müəyyən səviyyədə dəstək verməsi də mümkündür. Çünki həmin dövlətlərin də bu regionda iqtisadi və strateji maraqları mövcuddur. Hörmüz boğazı dünyanın ən strateji enerji marşrutlarından biridir və qlobal neft ticarətinin böyük hissəsi məhz bu marşrutdan keçir. Buna görə də bu dəniz yolunun təhlükəsizliyi bir çox ölkələr üçün vacibdir. Lakin Avropa ölkələri bu məsələdə ehtiyatlı davranmağa çalışırlar. Onlar İranla birbaşa hərbi qarşıdurma riskinin yaranmasını istəmirlər. Buna görə də mümkün dəstək daha çox dəniz təhlükəsizliyi missiyalarında iştirak, ticarət gəmilərinin qorunması, kəşfiyyat və logistika dəstəyi kimi sahələrlə məhdudlaşa bilər. Keçmişdə də bəzi Avropa dövlətləri bu cür dəniz təhlükəsizliyi missiyalarında iştirak ediblər. Ona görə də NATO ölkələrinin genişmiqyaslı hərbi əməliyyatlara qoşulmaq ehtimalı hazırda yüksək deyil. Çünki Avropa ölkələri yeni müharibə riskindən çəkinirlər və artıq Ukrayna müharibəsi səbəbindən həm maliyyə, həm də hərbi resurslarının bir hissəsini bu istiqamətə yönəldiblər.
Siyasi dəstək isə daha real ssenari hesab olunur. Bu, diplomatik bəyanatlar, beynəlxalq səviyyədə koordinasiya, sanksiya siyasətinin dəstəklənməsi və digər siyasi addımlar formasında ola bilər.
Ümumiyyətlə, Donald Trampın bu kimi açıqlamaları NATO-nun gələcəyi ilə bağlı daha geniş sualları gündəmə gətirir. Məsələn, NATO yalnız Avropa regionunun müdafiəsi üçün yaradılmış alyansdır, yoxsa qlobal təhlükəsizlik alyansı kimi fəaliyyət göstərməlidir? Əgər bu məsələlərdə fikir ayrılıqları dərinləşərsə, alyans daxilində siyasi gərginlik də arta bilər. Bununla belə, Rusiya ilə bağlı təhlükəsizlik narahatlıqları NATO ölkələrinin əməkdaşlığını qoruyub saxlayan əsas amillərdən biri olaraq qalır".
Zeynəb Mustafazadə