Paşinyanın dəyişən obrazı: xalqla yaxınlaşma, yoxsa siyasi taktika?- Politoloq açıqladı-ÖZƏL 

Rusiya nəşri mk.ru yazır ki, 2018-ci ildə məxməri inqilabın qəhrəmanı kimi tanınan Nikol Paşinyan bu gün tam fərqli görünür. Həmin dövrdə səliqəli kostyum və qalstukla çıxış edən Paşinyan, xalqın gözündə cəsur lider və Monte Melkoniyaya bənzəyən "sahə komandiri" obrazı yaradırdı. İndi isə o, kamuflyaj futbolka, "Adidas" beysbolka, sarğılı əl və çiyində çanta ilə görünür, sosial mediada avtobusda pirojki və qarğıdalı paylaşır, izləyicilərinə barmaqları ilə ürək işarəsi göndərir. Moskvada və Gümrüdə velosiped sürməsi, təsadüfi keçənləri və sahibsiz itləri qorxutması bəzi ermənilər üçün anlaşılmaz olub.
Ekspertlər deyir ki, bu dəyişiklik həm Paşinyanın fərdi üslubunu, həm də onun xalqla münasibətini əks etdirir, amma bir çox vətəndaş 2018-ci ilin qəhrəmanını itirdiklərini düşünür.

Paşinyanın son illərdəki imic dəyişikliyi onun xalqın gözündəki nüfuzuna necə təsir edib? Bu dəyişiklik şəxsi üslubdan irəli gəlir, yoxsa siyasi strategiyanın bir hissəsidir?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Əlbəttə, Paşinyanın bugünkü reytinqi və ya xalqın gözündəki dəyəri, mövqeyi desək, inqilab zamanı sahib olduğu nüfuzdan xeyli aşağıdır. Çünki 2018-ci ilə qədərki proseslərdə, yəni inqilabın baş tutduğu illərdə Paşinyan ölümdən qorxmayan, siyasi iqtidardan çəkinməyən, xalqa vədlər verməyi bacaran, ona xoş gələcək göstərən, xalqın dilindən danışan və özünü xalqının gələcəyi üçün qurban verməyə hazır olan bir lider imici sərgiləyirdi. Bütün xalqlarda olduğu kimi, Ermənistan xalqı da belə bir liderə ehtiyac duyduğu üçün onun ətrafında birləşdi. Demək olar ki, bütün təbəqələr istər orta təbəqə, istər kasıb təbəqə, istərsə də müəyyən dərəcədə varlı insanlar arasında Paşinyan özünə yer tapa bildi. Daha sonra Paşinyan dövlətin maraqlarına uyğun bir sıra addımlar atdı, ta ki 2020-ci ilə qədər. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi və eyni zamanda Paşinyanın xalqına verdiyi vədlərə baxmayaraq, o şovinist ideyaları davam etdirə bilməməsi yəni "Qarabağ Ermənistandır və nöqtə" kimi səsləndirdiyi fikirləri həyata keçirə bilməməsi - onun nüfuzunun sarsılmasının əsas başlanğıc səbəblərindən birinə çevrildi. Daha sonra Paşinyan antiterror əməliyyatları zamanı da Qarabağ ermənilərinə dəstək verə bilmədi və burada da artıq xalqın ona olan inamı xeyli azaldı. Bundan sonra isə Paşinyanın öz partiyası və silahdaşları arasında da müəyyən dərəcədə mövqeyi sarsılmağa başladı. Əvvəllər partiya üzvləri birmənalı şəkildə Paşinyanı dəstəkləyirdilərsə, zaman keçdikcə fikir ayrılıqları ortaya çıxmağa başladı. Eyni zamanda Paşinyanın Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü tanıması da onun xalq arasında nüfuzuna təsir göstərən digər amillərdən birinə çevrildi. Bununla da məsələ bitmir. Paşinyan son zamanlar Rusiyadan ciddi təzyiqlərlə üzləşir. Bu həm iqtisadi təzyiqlərdir, həm siyasi-diplomatik təzyiqlərdir, həm də son vaxtlar artıq hərbi müstəvidə də bu təzyiqləri görmək mümkündür. İqtisadiyyatının böyük hissəsi Rusiya ilə bağlı olan, infrastrukturunun əksər hissəsi Rusiya ilə bağlı olan bir ölkənin birdən-birə həmin ölkə tərəfindən təzyiqə məruz qalması əlbəttə ki, ciddi problemlərə yol açdı. Bu vəziyyət həm iqtisadi sahədə, həm də təhlükəsizlik məsələlərində özünü göstərdi və Paşinyanın reytinqinin azalmasına səbəb olan digər faktorlardan birinə çevrildi. Eyni zamanda həm bölgədə, həm də dünyada baş verən qlobal hadisələr də Ermənistana da təsirsiz ötüşmədi. Bu fonda Paşinyanın "güclü iqtisadiyyat quracağıq, güclü dövlət quracağıq, daha yaxşı yaşayacağıq, sosial rifahımız artacaq" kimi tezisləri də müəyyən qədər sarsılmağa başladı. Bu da xalqın gözündə onun dəyərinin azalmasına səbəb oldu. Bütün bu faktorlar pillə-pillə, addım-addım Paşinyanı xalq qarşısında çətin vəziyyətə saldı. İndi Paşinyanın imicini dəyişməsi, pirojki yeməsi, qarğıdalı yeməsi, sadə görünməyə çalışması və s. bütün bunlar itirilmiş nüfuzu geri qaytarmaq üçün verilən mesajlardır. Yəni Paşinyan xalqa mesaj verməyə çalışır ki, mən əslində sizdən biriyəm,  sizin kimi pirojki yeyirəm, sizin kimi qarğıdalı yeyirəm, sizin kimi velosiped sürürəm, sizin kimi zarafat edə bilirəm və s. Əslində bu kimi addımlar müəyyən dərəcədə, az da olsa, itirilmiş nüfuzun geri qaytarılmasına xidmət edir. Təbii ki, cəmiyyətdə elə təbəqələr də var ki, bu cür sadə davranışları sevir və dəstəkləyir. Eyni zamanda qeyd etmək lazımdır ki, belə səmimi görüntü yaratmaq hər siyasətçinin bacara biləcəyi bir məsələ deyil. Bu da müəyyən qədər xalq tərəfindən rəğbətlə qarşılanır. Ona görə də bu dəyişikliyi mən şəxsi üslubdan daha çox strategiyanın bir hissəsi kimi görürəm. Çünki qarşıdan parlament seçkiləri gəlir və Paşinyan həyata keçirmək istədiyi addımların hələ yarısındadır. Onları tamamlamaq üçün yenidən qalib gəlməlidir və yenidən qalib gəlmək üçün də seçkiyə qədərki mərhələdə yenidən özünü cəmiyyətə sevdirməlidir.
Nəticə etibarilə demək olar ki, Paşinyan nə qədər xalq arasında nüfuzdan düşsə də, Ermənistan siyasətində hələ ki, ona real alternativ bir sima yoxdur. Məsələn, əhali Sarkisyanı da istəmir, Köçəryanı da istəmir. Bu şəxslər muxalifətin əsas fiqurları olaraq qalırlar, lakin yeni və güclü alternativ siyasi fiqur yetişməyib. Bu səbəbdən hazırda Ermənistan cəmiyyəti üçün əsas siyasi fiqur yenə də Paşinyan olaraq qalır. Lakin onun nüfuzu getdikcə azalır və Paşinyan da məhz buna görə sarsılan nüfuzunu müəyyən qədər bərpa etməyə çalışır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31